Novella Cəfəroğlu: “Prezident növbəti dəfə humanist addım atdı”

GÜNDƏM 28 may 2022, 15:39
“Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti əfv sərəncamı Azərbaycanın gücünü, apardığı siyasətin ən yüksək məqamlarını əks etdirən bir sərəncamdır”.

Bunu Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 

Hüquq müdafiəçisi bildirib ki, buna sadəcə bir əfv sərəncamı kimi baxmaq olmaz: "Bu, Azərbaycan dövlətinin, onun Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir. Bu dəfə də Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm, mərhəmət və xeyirxahlıq prinsipinə söykənərək unikal addım atdı. Bu, bir daha ölkə başçısının söykənmiş olduğu və hər kəsə nümunə olacaq humanizmin ifadəsidir. Cəmiyyət tərəfindən bu addım yüksək qiymətləndirilir. Heç kim üçün sirr deyil ki, insan haqları ilə bağlı məsələlər bəzi beynəlxalq təşkilatlarda təzyiq alətinə çevrilib, bununla bağlı manipulyasiyalardan istifadə edilir və dünyada gedən proseslərin istiqamətini dəyişdirmək üçün istifadə edilən bir vasitə kimi tanınır. Və bu məsələnin Azərbaycana qarşı da bir təzyiq vasitəsi kimi istifadə olunması heç kim üçün sirr deyil. Dünən imzalanan bu əfv sərəncamı Azərbaycan siyasətinin heç bir təzyiqə məruz qalmamasının, yalnız milli maraqlar çərçivəsində, humanist və ali insanlıq nöqteyi-nəzərindən həyata keçirilməsinin ən gözəl nümunəsidir".

Hüquqmüdafiəçisi bu işdə onlara kömək edən hər kəsə öz təşəkkürünü bildirib:

“Bizə bu işdə əltutanların hamısına öz dərin təşəkkürümü bildirirəm. Prezident Aparatında Ədalət Vəliyevə, Səbinə Salmanova, bundan başqa, Fazil Mustafaya, Əliməmməd Nuriyevə, bütün Əfv Komissiyasının üzvlərinə və adını çəkmədiyin digər şəxslərə minnətdaram. Qeyd edim ki, bu əfv sərəncamı bizi həqiqətən də çox sevindirdi. Çünki sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. Əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir. Siyahıda bu şəxslərin adlarının olmasına çox məmnun olduq, inşallah ki, yaxın vaxtlarda digər vətəndaşlarımız da əfv olunacaq. Hesab edirəm ki, bundan sonra  heç bir dövlət bizə dilini uzatmayacaq. Prezidentimizin bu addımı çox gözəl və təqdirəlayiqdir. Prezidentimizə öz adımdan, monitorinqin adından dərin təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı  “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top