“Ad günü qeyd etməyi sevməzdi” — Habil Əliyevin doğum günündə qızı DANIŞDI

İNCƏSƏNƏT 28 may 2022, 12:19
Bu gün Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin doğum günüdür.  Yaşasaydı 95 yaşını qeyd edəcəkdik.. Amma təəssüf ki, artıq 7 ildir ki, Azərbaycan musiqisi Habilin kamanının səsinə həsrətdir.. 

Görkəmli sənətkar 1927-ci il, mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gəlib. Habil Əliyev 1953-cü ildən Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança ifaçısı kimi fəaliyyət göstərib. Onun ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları qızıl fonda daxil edilib.O, Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar”  muğamlarının yeni ifa tərzini formalaşdırıb. Görkəmli sənətkar 2015-ci il, sentyabrın8-də dünyasını dəyişib.

Xalq artistinin qızı Vəfa Əliyeva atası ilə "Demokrat.az" saytı ilə bölüşüb: 

"Bu gün atamın doğum günüdür, 95 yaşı olardı əgər yaşasaydı. 7 ildir ki, artıq o bizim aramızda yoxdur, 2015 - ci il sentyabrın 8-də dünyasını dəyişdi. Ailəsinə bağlı insan idi. Elə həyatının son gününü də ailəsinin yanınd yaşadı.. Sonuncu dəfə2015-ci ildə öz doğum günündə ailə üzvləri- övladları, nəvələri, nəticələri ilə birgə masa başında oturdu, biz onun sonuncu 88 yaşını qeyd etdik. Çox sevinirdi, fərəhlənirdi"
 
Qızı deyir ki, atası çox sadə insan idi. Şadyanalıqla keçirilən tədbirləri, ad günlərini, hətta öz doğum gününü də sevməzdi. Şan-şöhrətdən uzaq adam idi. 

"Bu bəlkə də ondan irəli gəlirdi ki, o dövlət tərəfindən böyük diqqət görürdü. Atamın 80, 85 illik yubileyləri çox gözəl qeyd olunmuşdu. Ona görə də atam bu tədbirlərlə kifayətlənirdi, ayrıca özünə doğum günü keçirməzdi. Ailə üzvləri ilə bir yerdə olmağı sözsüz ki, sevirdi. Biz hər il istər doğum günündə, istərsə də anım günündə fəxri xiyabana gedərək Habil müəllimi yad edirik. Təbii ki, bu gün də gedəcəyik, istər nəvələri, istərsə də nəticələri ilə.”

Vəfa Əliyeva qəhərlənərək bildirdi ki, atasının yoxluğu hələ də onların həyatında hiss olunur. Bu boşluğu hələ də onun ailə üzvləri, nəvə-nəticələri yaşayır. 

“Nəticələri ona "qoca baba" deyə müraciət edərdi. Çünki öz babaları var idi, Habil müəllimi artıq qoca baba adlandırırdılar. İndi istəməsinlər, çox sevirdilər onu, o da həmçinin. Nəticələri deyir ki, kaş yaşasaydı, bizi görsəydi. Elə bir gün yoxdur ki, evdə mənim atamdan danışılmasın, söhbət olunmasın. Mən Habil Əliyevin qızı olduğuma görə fəxr edirəm! Düşünürəm ki, atam Azərbaycan musiqisində iz buraxdı getdi. Elə bir iz qoydu ki, o heç vaxt unudulmur, hər zaman qəlblərdədir. O bütöv bir xalqın sevgisini qazandı. Biz bu sevgini bu gün də hiss edirik. Hər kəs onun övladı olduğumuzu bildikləri anda həqiqətən də gözəl sözlər eşidirik və bu bizə qürur verir. Hər zaman da insanların ürəyində, qəlbindədir.Onu sevənlər çoxdur.  Atam ermənilərin əlindən kamançanı aldı, bu böyük bir inqilab idi. Elə bu xidmətlərinə görə də Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev və vitse prezidentimiz Mehriban xanım Əliyeva onun fəaliyyətini yüksək qiymətləndirdi.Həm sağlığında, həm də xəstələnəndə dövlətdən çox dəstək aldı. Allah bütün valideynlərə rəhmət etsin, məkanları cənnət olsun".

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top