Ekoturizmin təbliğində bələdiyyələr də sözünü deməlidir

GÜNDƏM 27 may 2022, 11:54
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” mövzusunda həyata keçirdiyi layihəni uğurla başa çatdırdı.

Dördaylıq layihənin yekunu olaraq Quba, Qusar, Astara və Lerik rayonlarında keçirilən maraqlı və informasiya baxımından zəngin görüşlərdən sonra ilkin olaraq hansı nəticələrə gələ bilərik.

Keçirilən görüşlərdə mərkəzi icra orqanlarının regional idarələrinin, turizm blogerlərinin, bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının iştirakı bu orqanların mövzuya marağından xəbər verdi. Ən əsası görüşlər regional idarələrinin təmsilçilərinin maraqlı təklifləri ilə yadda qaldılar.

Öz işinin peşəkarı olan Quba Turizm İnformasiya Mərkəzinin rəisi Heybət Vəliyevin və Lənkəran Regional Turizm Mərkəzinin rəisi İlqar Əzimovun maraqlı təklifləri və bələdiyyələrlə birgə fəaliyyətə maraqlı olmaları da diqqətimizdən qaçmadı.

Bu layihə çərçivəsində biz bir daha əmin olduq ki, ölkəmizin turizm potensialı çox yüksəkdir. Yəni turizmdən daxil olan vəsaitlə ölkə büdcəsinin böyük bir hissəsini formalaşdıra bilərik. Son illər Dövlət Turizm Agentliyi adıçəkilən istiqamətdə bir sıra ciddi layihələri icra edib, üstəlik beynəlxalq donor təşkilatlarını prosesin icrasına cəlb edə bilib. İstər mehmanxanaların müəyyən tələblərə cavab verməsində, istər ərazilərdə milli mətbəx nümunələrin təbliğində, istərsə də turizm marşrutlarının hazırlanmasında, habelə kənd turizminin inkişafına agentlik öz dəstəyini göstərməkdədir. Qısası regionlarda turizm sənayesi qurulmaqdadır. Lakin etiraf edək ki, görüləsi işlər hələ çoxdur. Və bu işlərin öhdəsindən tək bir agentlıyin gəlməsi isə mümkünsüzdür.

Fikrimizcə, turistin regionlara cəlb edilməsində bütün məqamlar nəzərə alınmalıdır. Həmin ərazilərdəki maddi-mədəni irs nümunələrinin təbliğindən başlamış, hətta ərazilərdə olan kənd təsərrüfatı bazarlarınadək müəyyən standartlar hazırlanmalı və tətbiq edilməlidir. Bu gün regionlarda mehmanxana və mehmanxana tipli müəssisələrinin sayı artsa da, qiymətlərin yüksək olması, habelə xidmətin keyfiyyətindəki axsamaların olması təəssüf doğurur. Regionlarda olan mövcud bazarlardakı vəziyyət, o cümlədən bazarlardakı xidmətin aşağı səviyyədə olması da problem yaradır.

Yuxarıda sadalanan problemlərin həllində bələdiyyələrdə öz töhvəsini verməli, ciddi layihələrin icrası üçün konkret addımlar atmalıdırlar. Lakin maliyəsizlik bələdiyyələri bir sıra layihələrin icrasına imkan vermir. Ancaq subvensiya layihələrinin hazırlanması ilə konkret olaraq ciddi layihələr icra etmək də mümkündür.

Bu gün dörd rayon bələdiyyələrinin heç birinin büdcəsinə mehmanxana, kurort-sanatoriya və turizm xidmətlərindən maliyyə vəsaiti daxil olmur. Təsəvvür edin ki, 2021-ci ildə 34 Quba bələdiyyəsi 1.314 min manat, 15 Astara bələdiyyəsi 197 min manat, 29 Qusar bələdiyyəsi 701 min manat, 29 Lerik bələdiyyəsi 68 min manat maliyyə vəsiti əldə edə bilib. Lerik bələdiyyələrin əldə etdiyi vəsaitin 54 min manatı dövlət tərəfindən ayrılan dotasiyadır. Və təəssüf ki, dörd rayon bələdiyyələri tərəfindən əldə edilən bu maliyyənin heç biri turizmlə bağlı deyil. Halbuki sadaladağım dörd rayonda formalaşan bələdiyyələrin 50 fazindən çox hissəsi turizm zonası hesab edilir.

Bu gün turizm zonalarına yol infrastrukturu qurulsa da, turistin cəlb edilməsi üçün xüsusi mikroavtobus marşrutlarının təsis edilməsinə ehtiyac var. Kənd evlərinin təşkilində, o cümlədən turistlərin keyfiyyətli kənd məhsullarıyla təmin edilməsində bələdiyyələr öz sözünü deyə bilər. Habelə mehmanxana, kurort-sanatoriya və turizm xidmətlərindən maliyyə vəsaitinin daxil olması üçün hər bir bələdiyyə konkret olaraq addım atmalı, proqram hazırlamalı və əldə etdiyi əlavə vəsaitlə sakinlərin qarşılaşdığı problemlərinin həllinə həmdə əraziyə əlavə turist axınına çalışmalıdır. Bunun üçün bələdiyyə sədrlərindən, sadəcə, təşəbbüskarlıq tələb olunur. Keçirdiyimiz görüşlərdə Ədliyyə Nazirliyinin və Dövlət Turizm Agentliyinin təmsilçilərinin tutduqları mövqedən belə qənaətə gələ bilərik ki, adıçəkilən sahədə yaxın müddətdə müəyyən irəliləyişlərin olacağı şübhəsizdir.

Bununla bağlı Ədliyyə Nazirliyi həm də bələdiyyələrə öz tövsiyəsini göndərib. Lakin problem var və bu problemin həlli isə tək bələdiyyələrlə bağlı deyil. Açıq etiraf edim ki, bələdiyyələrdə yaşanan bu problemin yaranmasında, sözsüz ki, özləriylə yanaşı yerli icra strukturlarının da öz payı olsa da, biz seçicilərində günahı az deyil. Bir seçici olaraq heç olmasa bundan sonra kimə səs verdiyimizi bilməli və səs verdiyimiz insandan üzərinə götürdüyü öhdəliyi vaxtında tələb etməliyik.

Hər halda layihənin dəstəyi ilə bizim üçün bir çox məqamlara aydınlıq gətirildi. Biz həm ölkəmizin çoxsaylı gözəl məkanlara sahib olduğunu bir daha şahidi olduq, həm də konkret olaraq real vəziyyətlə tanış olduq.

Düşünürük ki, Azərbaycan hökuməti bu sahədəki real vəziyyəti təhlil etməklə yerlərdə turizmin inkişafı üçün öz sözünü deyəcəkdir.

P.S. Layihə iştirakçıları yaxın günlərdə mövzu ilə əlaqəli geniş təhlili icitmai müzakirəyə təqdim edəcəklər.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai Birliyinin sədri

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top