“Azərbaycan artıq daha ciddi aktor kimi qəbul olunur” — ŞƏRH

GÜNDƏM 26 may 2022, 16:50
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Putin bildirib ki, Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. Məktubda Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edilib və fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacağı qeyd olunub. 

Məsələni Demokrat.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazdığı xoş sözlər həqiqətən də gəlişi gözəl, diplomatik etiket xatirinə söylənən tərif deyil. Politoloq vurğulayıb ki, bu gün bütün dünya liderlərinin Azərbaycan Prezidentinə göndərdiyi məktublarında oxşar ifadələr yer tutur:



“Bu da Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun getdikcə güclənməsinin sübutudur. İşğal altında olan torpaqlarını çox qısa müddətdə azad etməsindən sonra artıq beynəlxalq arenada Azərbaycan daha ciddi aktor kimi qəbul olunmağa başlayıb. Rusiyada da bizi bərabər səviyyəli, tərəf müqabili kimi qəbul etməyə məcburdurlar”. 
 
Ə.İbrahimov əlavə edib ki, Putin indi ona xoş münasibətdə olan dövlətləri özündən uzaqlaşdırmaq deyil, daha da yaxınlaşdırmaq siyasəti yeridir:

“Bu baxımdan, Azərbaycanla dostluq münasibətləri çərçivəsində danışır. Digər tərəfdən, Azərbaycanın apardığı xarici siyasət onunla başqa tonla danışmağa yer buraxmır. Xüsusən, Rusiya-Ukrayna qarşıdurması fonunda Prezident İlham Əliyevin izlədiyi kurs onun Rusiya və Ukraynanın yanında nüfuzunun daha da yüksəlməsi ilə nəticələnir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top