Abşeronda əri tərəfindən şiddət görən qadın polisə ərizə yazdı — Şok olay

KRİMİNAL 26 may 2022, 15:17
Abşeron rayonunda 1980-cı il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində arvadı Gözələ (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 18-də rayonun Nübar qəsəbəsi, yeni məhəllədə baş verib.
 
Tural həmin ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman Gözəli döyərək, ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Turalın barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gözəl ilə 2011-ci ildə ailə həyatı qurub və birgə nikahdan onların 2 övladı dünyaya gəlib: “Evləndikdən sonra isə biz bacıma məxsus Nübar qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşamağa başladıq. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar Gözəlin özbaşına hərəkətləri və bir ər kimi mənə lazımınca hörmət qoymaması səbəbindən aramızda mübahisələr yaranmağa başladı”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə isə martın 18-də yaşadığı evdə şam edərkən bir qədər spirtli içki qəbul edib: “Buna görə Gözəl mənə irad bildirdi, təhqiramiz sözlər işlətdi. Bu səbəbdən də aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı əsəbləşərək Gözəlin sifət nahiyəsinə əlim ilə zərbələr vuraraq onu döyməyə başladım. Həmin vaxt Gözəl qışqıraraq qonşuları haraya çağırdığından dayandım və ondan kənarlaşdım”. 

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Gözəl uşaqları da götürərək bacısıgilə gedib, O, əlavə olaraq baş vermiş bu münaqişənin təxminən 5-6 dəqiqə davam etdiyini və həmin vaxt onların yanında azyaşlı övladlarından başqa heç kimin olmadığını da qeyd edib. Tural ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşmançılıq çəkdiyini deyib. 

Zərərçəkmiş şəxs qismində ifadə verən Gözəlin sözlərinə görə, əvvəllər münasibətləri normal olsa da, son zamanlar Tural tez-tez spirtli içkilər içdiyindən onlar arasında sıx-sıx mübahisələr yaranmağa başlayıb: “Buna baxmayaraq  hazırkı vaxta qədər Turalın barəsində şikayət etməmişəm. Hadisə baş verən günü saat 23 radələrində yaşadığımız evdə olan zaman Tural şam yeməyindən spirtli içki qəbul etdi, sərxoş oldu. Buna görə də Turala iradımı bildirdim, az içməsini tələb etdim. Aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Tural məni söyüb-təhqir edərək üzərimə hücum çəkdi və yumruq, təpik zərbələri ilə başıma, bədənimin digər nahiyələrinə zərbələr vuraraq məni döyməyə başladı. Həmin vaxt qışqıraraq qonşuları haraya çağırdım. Bunu görən Tural məndən əl çəkdi”.

Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra azyaşlı övladları ilə birlikdə evdən çıxıb və bacısıgilə gedib: “Gecəni bacımgildə qaldım. Ertəsi gün isə Abşeron rayon Polis İdarəsinə yaxınlaşaraq baş vermiş hadisə ilə əlaqədar şikayət ərizəsi yazdım”. 

Gözəl əlavə olaraq məlum münaqişə zamanı Turala müqavimət göstərə bilmədiyini qeyd edib. O, əri ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib. 

Məhkəmənin hökmü ilə Turalın zərərçəkmiş şəxslə barışması nəzərə alınıb. Turalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top