Bakıda məşhur restoranda qanlı dava: Baş kababçı bıçaqlandı — TƏFƏRRÜAT

KRİMİNAL 25 may 2022, 12:37
Bakıda 1991-ci il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində tanışı Nahidə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 noyabr 2021-ci ildə, gecə saat 01 radələrində “Golden Ring” restoranının qarşısında baş verib. 

Pərvin orada uzaq qohumu və əvvəllər bir yerdə həmin restoranda işlədiyi Nahidin bədəninin müxtəlif nahiyələrindən bıçaqla vurub.
 
İstintaq orqanı tərəfindən Pərvinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, uzun müddət doğulduğu Bərdə rayonunun Mollalı kəndində valideynləri, qardaşı, habelə sonuncunun həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə yaşayıb: “Ailələrimiz ağır maddi vəziyyətdə olduğundan rayonda xeyli iş axtardım. Amma özümün ehtiyaclarımı ödəmək və valideynlərimə kömək etməyə imkan verəcək iş tapmadım. Anamın onkoloji xəstəliyə tutulması və onun müalicəsi üçün pul tapa bilməməyimiz vəziyyətimizi daha da ağırlaşdırdı. Atamın isə gözləri tutulmuşdu, daimi qulluğa ehtiyacı vardır. Ona görə də ailəyə kömək edə bilmək üçün iş tapmaq üçün 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhərinə gəldim. NZS qəsəbəsində bir neçə başqa şəxslə birlikdə hərəyə aylıq 80 manat ödəməklə kirayə otaq tutduq, orada yaşadım”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, özünün Bakıda sərbsət iş tapa bilməyəcəyini başa düşüb və “Golden Ring” restoranında kababçı işləyən xalası nəvəsi və həmkəndlisi Nahidin yanına gedib: “Anamın xəstəliyi və ağır maddi vəziyyətimizi danışaraq həmin restoranda işə düzəlməyimə kömək etməsini xahiş etdim. Nahid Nizami rayonu, Çobanzadə küçəsi 57 ünvanında yerləşən “Golden Ring” şadlıq sarayında sıravi kababçı olub, həm də mətbəxdə işləyən bir neçə işçiyə rəhbərlik edib. Çox xahişdən sonra Nahid razılaşdı və həmin restoranda kababçı kimi işləməyə başladım. Nahid mənə qarşı çox tələbkar olub. Gündəlik 15-20 manat zəhmət haqqı aldığım üçün dözərək işlədim. Qazancımın əsas hissəsini anama göndərdim. İşlədiyim müddətdə bir-iki dəfə ağır işdən sonra yataraq qaldığım üçün işə gecikdim”.

Pərvin qeyd edib ki, sonuncu dəfə oktyabrın 28-də eyni səbəbdən səhər işə gecikib: “İşə gələrək çatanda Nahid buna çox kəskin reaksiya verdi. Məni kobud ifadələrlə aşağıladı və elə həmin gün də işdən çıxardı. Nahidə xeyli yalvar-yaxar etdim, işsiz qalacağım halda ağır xəstə olan anama kömək edə bilməyəcəyimi, kirayə pulumu da ödəyə bilməyəcəyimi, çarəsiz vəziyyətə düşdüyümü dedim. Amma bunların heç bir xeyri olmadı. Nahid bütün xahişlərimi təhqiramiz ifadələrlə rədd etdi”. 

Pərvin deyib ki, növbəti günlərdə də dəfələrlə işə qaytarılması üçün Nahidin özünə müraciət edib: “Restoranda işləyən və həmkəndlilərim olan digər işçilərdən də ağır vəziyyətimin nəzərə alınaraq işə qaytarılmağım üçün Nahiddən xahiş etmələrini istədim. Amma heç bir nəticəsi olmadı. Nahid isə sanki məqsədi məni aşağılamaq imiş kimi hər dəfə söyüş və təhqirlə cavab verdi”. 

Pərvin bildirib ki, noyabrın 1-də, saat təxminən 20 radələrində restoranın qarşısına gəlib və iş yoldaşlarından yenə Nahidlə onun işə qaytarılması ilə bağlı danışmalarını deyib: “Amma həmin işçilər Nahidin məni işə qaytarmaq niyyətində olmadığını bildirdilər. Tam pulsuz, əlacsız bir vəziyyətdə olduğumdan restoranın qarşısında dayandım, Nahidi gözləmək, üzbəüz bir daha ondan işə qaytarılmağımı xahiş etmək qərarına gəldim. İşçilər, o cümlədən Nahid yalnız restoran tam bağlandıqdan sonra işdən çıxdıqlarından xeyli vaxt keçdi. Gecə yarısı, yəni artıq noyabrın 2-də, saat təxminən 00.40-da Nahid içəridən restoranın həyətinə çıxdı. Nahidə yaxınlaşdım. Onun mənə ümumiyyətlə fikir vermək istəmədiyini gördüm. Bir dəqiqəlik məni dinləməsini xahiş etdim. Kirayə pulunu verə bilməyəcəyimi, anamın vəziyyəti ilə bağlı kəndə pul göndərə bilməyəcəyimi dedim. Yalvar-yaxar etdim, bir daha işə gecikməyəcəyimi dedim. Amma Nahid dərhal söyüş və təhqirlə cavab verərək məni işə qaytarmayacağını dedi, sinəmdən itələdi. Nahidə niyə belə etdiyini dedim. Cavabında isə məni yumruq zərbəsi vurdu. Nahidə qarşılıq verərək onun sifətindən yumruqla vurdum. Nahid məni daha ağır söyüşlərlə söyməyə başladı. Mən o anda artıq hərəkətlərimi cilovlaya bilməyərək cibimdə olan qatlanan bıçağı çıxardım və Nahidi vurdum. Nahidi harasından və neçə zərbə vurduğumu xatırlamıram. Həmin anda Nahidin əmisi oğlu təsadüfən oraya gəldi. Həmin vaxt oradan avtomaşınla keçən polislər də dayandı, toplaşdığımız yerə gəldilər. Bizim hamımızı saxlayaraq idarəyə apardılar. Nahid isə xəsarət aldığı üçün xəstəxanaya yola saldılar. Polisdə olarkən Nahidi vurduğum bıçağı könüllü şəkildə polislərə təqdim etdim”. 

Təqsirləndirilən şəxs bildirib ki, işdən qovmaqla onu çox ağır vəziyyətə salsa da, Nahidi bıçaqla vurmasına görə özünə heç bir halda haqq qazandırıb: “Əməlimdən çox peşmanam. Hadisədən dərhal sonra qohum olduğumuz Nahidlə barışmışıq. Nahid məni bağışladır”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Pərvin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top