“Azərbaycanın Ermənistanın nazı ilə oynamaq fikri yoxdur” — Politoloqdan SƏRT AÇIQLAMA

GÜNDƏM 21 may 2022, 14:34
Ötən gün  baş nazir Nikol Paşinyan Ermənistan Demokratiya Forumunda bildirib ki, Ermənistan hökuməti ölkə rəhbərliyinin elan etdiyi sülh gündəliyinin mahiyyətini vətəndaşlara aydın şəkildə izah etməlidir. Paşinyan erməniləri qonşularla sülhün vacibliyinə inanmağa çağırıb. 

Məsələyə münasibət bildirən politoloq Yusif Bağırzadə deyib ki, Paşinyanın bəyanatlarına inanmaq sadəlövlük olardı. Çünki ilk dəfə deyil ki, Ermənistan baş nazirindən bu səpkili açıqlamalar eşidirik:

“Paşinyan hələ ilk Brüssel görüşündən sonra da sülhə hazır olduqlarının mesajını vermiş və sonra istər Parlamentdəki çıxışında, istərsə də hökumətin iclasında həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulamışdı. Amma Paşinyan müstəqil dövlətin rəhbəri olmadığı üçün atacağı addımlarla bağlı da müstəqil qərar qəbul etmək imkanında deyil. Odur ki, ara-sıra bu cür bəyanatlar verməklə dünyaya guya ki, sülh istədiklərini çatdırmaq istəyir. Əslində isə istər aprel, istərsə də bu günlərdə Moskvaya səfərlərindən sonra rəsmi İrəvanın davranışları onların sülhə hazır olmadığını açıq aydın göstərir. Çünki sülh istəyən dövlət Moskva səfərindən sonra birdən-birə Brüsseldə əldə edilmiş razılaşmalara zidd olaraq 6 bənddən ibarət absurd təkliflərlə çıxış etməzdi”.

Politoloqun sözlərinə görə, Paşinyanın səmimiliyinə inanmaq bir qədər çətindir:



“Paşinyanın səmimiliyinə o vaxt inanmaq olar ki, Ermənistan Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəksin və bunu sözdə yox əməldə ifadə etsin. Başqa sözlə öz Konstitusiyalarında müvafiq dəyişikliklər edərək Konstitusiyada istinad etdiklər Müstəqillik bəyannaməsindəki Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından imtina etsin. Həmçinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanın 4-cü bəndin ə uyğun olaraq Qarabağda qalmış silahlı qüvvələrinin qalıqlarını bu ərazilərdən çıxarsın, kommunikasiyaların blokadadan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın 4 bəndinin icrasını həyata keçirsin, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqələrin bərpası iləa bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə götürlümüş öhdəlikləri yerinə yetirsin, Brüssel görüşündə razılaşdırılmış birinci Qarabağ savaşında qətl edilmiş azərbaycanlıların kütləvi məzarlıqlarının koordinatlarının verilməsi, eləcə də əsir götürülmüş minlərlə azərbaycanlının taleyi ilə bağlı məlumatın verilməsini təmin etsin və ən nəhayət Birgə Sərhəd Komissiyasının işinin sabotaj edilməsindən əl çəksin”.

Regionda hansı proseslərin yaşana biləcəyinə gəldikdə isə müsahibimiz deyib ki, hər şey yenə də Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra edib-etməməsindən asılı olacaq:

“Əgər ilkin razılaşmalara əməl ediləcəksə bu nəticə etibarilə sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Sülh isə region dövlətlərinin hər birinin, o cümlədən də Ermənistanın özünün inkişafına səbəb olacaq. Yox əgər Ermənistan yenə də başqalarının diktəsiylə hərəkət edərək pozuculuq fəaliyyəti ilə məşğul olacaqsa, bundan ən çox uduzan elə məhz Ermənistan özü olacaq. Çünki Azərbaycanın uzun müddət Ermənistanın nazı ilə oynamaq fikri yoxdur. Əgər üçtərəfli bəyanatlarla üzərinə götürülən öhdəliyi tərəflərin biri yerinə yetirmirsə bu bizə konkret addımlar atmaq imkanı verir. Birincisi Laçın dəhlizinin bağlanması, ikincisi isə Ermənistanı gösləmədən beynəlxalq səviyyədə tanınmış xəritələr əsasında Azərbaycanın öz sərhədlərini möhkəmləndirməsi. Biz bu addımları atacağımız halda Ermənistanın da əldə edilmiş razılşamalara sadiq qalmaqdan başqa yolu qalmayacaq”.

“Təbii ki, burada beynəlxalq təzyiqə də nail olmaq lazımdır. Vasitəçi olaraq prosesdə iştirak edən Rusiyanın Ermənistanı nəyəsə məcbur edəcəyini düşünmək sadəlövlük olardı. Amma sülhə töhvə verməyə hazır olduqlarını Prezident Bayden səviyyəsində bəyan edən ABŞ-a da, vasitəçilik missiyası ilə çıxış edən Avropa İttifaqına da sülh prossesini əngəlləyən Ermənistana təzyiq göstərilməsi üçün çağırışlar edilməlidir. Çünki Ermənistanın son davranışları, istər ilkin razılaşmalardan qaçaraq Birgə komissiyanın iclasının Moskvada keçirilməsi təklifi, istərsə də 6 bənddən ibarət təkliflərində ATƏT Minsk Qrupunu diriltməyə cəhd göstəməklə Avropa İttifaqını oyundan kənar vəziyyətə salmağa cəhd göstərməsi, birbaşa Avropa İttifaqını oyundan kənar vəziyyətə salmağa hesablanıb. Düşünürəm ki, Brüssel baş verənlərin fərqindədir və məhz elə ona görə də mayın 22-də Paşinyan Brüsselə dəvət olunub”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top