Deputat: “Rəsmi Vaşinqton Ukrayna məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirir”

GÜNDƏM 21 may 2022, 13:42
“ABŞ Prezidenti Co Bayden Azərbaycanın Müstəqilliyi ilə bağlı Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha sübut edir ki, ABŞ Azərbaycanın regiondakı yerini, rolunu, çəkisini yüksək qiymətləndirir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputatın sözlərinə görə, ABŞ Azərbaycanla bundan sonra strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanmasında, daha da inkişafında maraqlıdır:

“Qeyd edim ki, ABŞ prezidentinin ünvanladığı təbrik məktubunda bir sıra çox mühüm tezislər vardır. Co Baydenin təbrik məktubunda diqqətdən yayınmayan əsas məsələlərdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı məqamlarım qabardılmasıdır. Co Baydenin mövqeyi belədir ki, o, iki dövlət arasında əlaqələrin intensivləşdirilməsinə maraqlıdır. Uzunmüddətli və davamlı sülhün əldə edilməsi üçün ABŞ öz töhfəsini vermək niyyətindədir. Xüsusilə də, iqtisadiyyat, nəqliyyat, insanlar arasındakı münasibətlərin  formalaşması üçün ABŞ öz dəstəyini göstərməyə hazırdır”. 

“Ən mühüm məqamlardan biri Azərbaycanın Ukrayna böhranı kontektsində davranışı ilə bağlı məsələlərə ABŞ-ın diqqət ayırmasıdır. Məktubda da qeyd olunur ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir. Bir neçə dəfə humanitar yardım göstərir və bu məsələdə Azərbaycanın mövqeyi, atdığı addımlar rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Ukrayna böhranı fonunda yaranmış qlobal qeyri-sabitlik məsələlərinə ABŞ prezidenti diqqəti cəlb edir. Bu kontektsdə vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliiyini ABŞ dəstəklədiyini növbəti dəfə təsdiq edir. Bütün bunlar onu göstərir ki, ABŞ Azərbaycanda gedən bütün prosesləri diqqətlə izləyir”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top