Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub — FOTOLAR

İDMAN 20 may 2022, 21:33

16-20 may 2022-ci il tarixlərində  Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 190-a yaxın idmançı iştirak edib. Çempionatın final mərhələsini Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir Həsənzadə və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər. Çempionatın baş hakimi Babək Quliyev olub.

Əvvəlcə, FHN-in İdman-sağlamlıq klubunun inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları İdman-sağlamlıq klubunun İdman guşəsi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir Həsənzadə Ulu Öndərin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salaraq vurğulayıblar ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Qeyd olunub ki, son onilliklər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ümummilli Liderin adı ilə bağlıdır. Natiqlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətimizin və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışıblar.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev gənclər və idman naziri Fərid Qayıbova və AFFA-nın texniki direktoru Cahangir Həsənzadəyə çempionatın keçirilməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib və xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, çempionatda iştiak edən komandalar 4 qrupa bölünüb və 4 qrupdan 1-ci və 2 ci yerləri tutanlar növbəti tura vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası Mülki müdafiə qoşunlarının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Maddi-texniki Təchizat İdarəsinin komandası Dövlət Yanğından Mühafizə Xidmətinin komandasına qalib gələrək çempionatın qalibi olub.

Çempionatda ən yaxşı qapıçı Vüqar Qadaşlı, ən çox qol vuran oyunçu Turxan Əliyev, veteran oyunçu Rasim Əliyev, əzmkar komanda isə Mülki müdafiə qoşunlarının komanadası olub.

Sonra qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

 




















DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyn 2022, 20:59
Top