Bakının arzuolunmaz qonağı Uspenskayanın konserti niyə ləğv olundu? — ARAŞDIRMA

ŞOU-BİZNES 20 may 2022, 13:52
Ona etinasız və lovğa görkəmi verən həm də milyonların sevgisi idi. 

Zarafat deyil axı Rusiyadan Amerikaya qədər dinləyici kütləsinə sahib olmaq. Lyubov Uspenskayadan gedir söhbət... - Rus, Ukrayna, Amerika müğənnisi, şəhər romanslarının və rus şansonlarının mahir ifaçısı... 

“İlin şansonu” musiqi mükafatının bir neçə dəfə qalibi olmuş şəxs. İndi bir-iki mahnısını da sadalasam, bəlkə zümzümə edən də tapılacaq. “Propadayu ya”, “K edinstvennomu nejnomu” yəqin xatırladınız zamanında minlərlə insanlıq konsert zalını coşduran Uspenskayanı.. Amma sonradan bu xanım müğənni beyinlərimizdə qurduğu obrazı, zövqlərdə sahibləndiyi yeri elə böyük qəbahətlə yerə vurdu ki, nəinki səsini, adını eşitmək belə arzuolunmaz oldu. 3 il əvvəl beynəlxalq musiqi festivalında çıxış edən Lyubov Uspenskaya erməni dilində mahnı oxuyur və bu da azmış kimi, mahnını ifa etməzdən əvvəl illər öncə etdiyi dırnaqarası qəhrəmanlığını nəql edir. 
 

Daha aydın olsun deyə, xatırladım ki, Uspenskaya pianodakı ifasından əvvəl bunu deyir: Bilirsən mən nə etmişdim? Qarabağ hadisələrinin qızğın vaxtlarında Bakıya qastrola gəlmişdim. Bir restorana getdik, azərbaycanlılar gətirdi məni. Dedilər oxu. Səhnəyə çıxdım, musiqiçilər də bakılılar idi. Onlara musiqi tonallığını deyirəm və oxumağa başlayıram. Sərxoşam, harda oldugumu bilmirəm. “Andranik, Serob” mahnısını oxumağa başlayıram. Qonaqlar da yavaş yavaş getməyə başlayırlar...

Həə gələk əsas məsələyə.. Bu məşhur Uspenskayanın könlünə yenə Azərbaycan səhnəsi düşüb, 3 il sonra yenidən Bakıya gəlmək eşqi yaranıb. İndi bu lazımsız görüşə dəstək olan, şərait yaradan kimdir, bilmirik. Amma məkan, zaman bəllidir. Tarixinə şübhə ilə yanaşdığı, düşmənini özünə dost bildiyi bir xalqın dinləyicisi üçün oxumaq Uspenskayaya niyə bu qədər maraqlıdır, bu özü də maraqlı sualdır! Konsert Bakı Konqres mərkəzində 9 oktyabr saat 20.00-da reallaşacaqmış. Öncə dövlətin mədəniyyət siyasətinin icraçı strukturu- Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Soruşduq ki, mədəniyyət də siyasətin əsas istiqamətidir! Siyasi baxışı siyasətimizlə üst-üstə düşməyən Lyubovun konserti çoxmu vacibdir? Və ya faydalıdır?! Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə dedi ki, bizim heçnədən xəbərimiz yoxdur. 

“Mədəniyyət Nazirliyinin heç bir əlaqəsi yoxdur, konsert baş tutacaq məkan Bakı Konqres Mərkəzi də Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisə deyil. Bizim heç bir əlaqəmiz yoxdur. Mədəniyyət nazirliyinin bu konsertin təşkilatçılığı ilə heç bir əlaqəsi yoxdur.Ümumiyyətlə onun təşkilatçıları biz deyilik, yəni nə biz dəvət eləməmişik, nə konqres mərkəzi bizim tabeliyimzidə olan məsələ deyil, yəni ümumiyyətlə bizim bu konsertə əlaqəmiz yoxdur.”

Açıqlamaya sevinməliyik, yoxsa üzülməli?! Dəvətin rəsmi olmaması sevindirici olsa da, rəsmi qurumun bundan xəbərsiz olması heç də ürəkaçan olmadı! Görüşün məkanından xəbər almaq istədik. Dedik bəlkə özündən əvvəl söz-söhbəti gəlib çatan Uspenskayanın görüşünün təxirə salmaq istəyələr.. Adını söyləmək istəməyən xanım, daha doğrusu operator bizi aidiyyati şəxsə yönləndirmədən, bunları dedi:  

“Təşkilatçı biz deyilik, amma təşkilatçıdan tədbir təxirə salınır, və yaxud ləğv olunur deyə bir məlumat gəlməyib. Ona görə mən sizə birbaşa deyirəm ki, bizdə belə bir məlumat yoxdur. Baş tutacaq,bizdə elə bir məlumat yoxdur, təxirə salınacağı ilə bağlı.”

Bakı Konqres mərkəzi görüşün ləğvi ilə bağlı xəbərləri təkzib etsə də, saytlar “USPENSKAYANIN BAKI KONSERTİ LƏĞV OLUNDU” başlıqlı xəbərlər paylaşdı. Nəhayət, bu üzücü xəər səbəbkarı özünə də edib çatdı. Bakı ilə görüşünün təxirə düşmə xəbərini o timsah göz yaşları içində qarşılayıb.

"Bakıda konsertimin Azərbaycanla Ermənistan arasındakı münaqişələrə fikir bildirdiyim üçün təxirə salınması xəbəri məni şok etdi. İnsanlar məni nədəsə ittiham etmək, münaqişəyə qatmaq və konsertimi ləğv etmək istəyir. Məni - sülhsevər və xeyirxah insanı. Başa düşürəm ki, bunu üç il əvvəlki feyk xəbər əsasında şişirdiblər, amma hansı məqsədlə? Məni – bütün Qafqaz xalqlarını sevən, onların dilində ifa edən (o cümlədən Azərbaycan dilində “Ağ çiçəyim”), Azərbaycan artistləri ilə eyni səhnədə çıxış edən insanı. Mən həm Azərbaycanı, həm də bir müddət yaşadığım Ermənistanı sevirəm".

Mövqeyinə “sülhsevər” donu geyindirən Lyubov özünü Uspenskaya əlavə edib ki, müharibə və aqressiyaya qarşıdır:

"Sülh tərəfdarıyam! Bir neçə saat əvvəl yayılan xəbərlərə görə konsert həqiqətən ləğv olundu. Ümid edirəm, siz məni düzgün anlayacaqsınız və sözləri kontekstdən çıxarmayacaqsınız. Bu, mənim cavabım və rəsmi açıqlamam idi. Bundan başqa şərh vermək istəmirəm və verməyəcəyəm. Sizin Lüba.”

Təbii ki, 44 günlük Zəfər tarixi yazmış bir xalq, tarixinə zərrə qədər də olsa şübhə edən ifaçını dinləmək həvəsində  deyil! Hətta bundan birmənalı və tamamilə müzakirəsiz şəkildə imtina edir! Odur ki, Lyubov Uspenskaya, gərək danışmazdan əvvəl bir düşünəydin. Ya da bu qədər səhnə təcrübəsi olan adam kimi, heç olmasa, həqiqətdən xəbərdar olaydın. Elə özün öz mahnında dediyin kimi- sən itirdin! 






Gülçin Qorxmaz
Demokrat.az


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top