Arzu Oqtay: "Ağdamda ata ocağımdan salamat hissə tapacağıma ümid edirdim" — VİDEO

GÜNDƏM 16 may 2022, 23:14
İşğaldan azad edilən Ağdam şəhərinə budəfəki səfərimizdə Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) təsisçisi və həmsədri Arzu Oqtay da bizimlə idi. O, uşaqlığının və gəncliyinin keçdiyi ata yurdunu qürur, sevinc və dərin kədər hissi ilə ziyarət edib, ermənilər tərəfindən tamamilə dağıdılmış evin həyətindən özü ilə Vətən torpağı götürüb.

AZƏRTAC-ın bölgə müxbirinin Ağdam şəhərinə səfər təəssüratlarını təqdim edirik.
Avtomobilimiz 2020-ci il noyabrın 20-dək təmas xətti sayılan Evoğlu kəndindən keçib üzü Ağdam şəhərinə doğru irəliləyir. Arzu xanım yolboyu 30 il həsrətində olduğu ata yurdu ilə bağlı xatirələrini danışır, ermənilər tərəfindən viran qoyulmuş kəndlərin xarabalıqlarını seyr edərək dərin kədər hissi keçirirdi.

“1992-ci ildə biz Ağdama, nənəmgilə qonaq gəlmişdik. Həmin hadisələri hələ də unuda bilmirəm. Ermənilər Ağdamın Qasımlı kəndi istiqamətindən hücum etmişdilər. Biz Qasımlıdan çıxanda kəndin kişiləri bizə dedilər ki, kənddəki başqa qadınları da özümüzlə çıxaraq. Biz kənddən özümüzlə mümkün olan qədər sakin çıxardıq. O hadisə 30 ildir yadımdan çıxmır. İndi inana bilmirəm ki, həmin bu yolla torpağımıza qayıdıram. Biz bu 30 ildə çalışdıq ki, Finlandiyada, istərsə də Azərbaycanda yaşayan övladlarımız, şagirdlərimiz bu torpağa bağlılıq ruhunda böyüsün. Mənim istəyim odur ki, Finlandiyada böyüyən azərbaycanlı uşaqların işğaldan azad olunan torpaqlarımıza səfərini təşkil edək”.

Arzu xanım deyir ki, axırıncı dəfə Ağdamda 1992-ci ildə olub: “Mən sonuncu dəfə Ağdamdan 1992-ci ildə çıxmışam. Uşaqlığım, gəncliyim bu torpaqlarda keçib. Danışa bilmirəm, ağlamaq tutur məni... Bu torpağın hər daşı bizim üçün bir xatirədir. Burada hər şey məhv olub... Ümid edirəm ki, bu yerlər tezliklə abad olacaq, gözəlləşəcək”.

Sarıcalı və Ağdamkənd kəndlərindən keçərkən Arzu Oqtay erməni vandalları tərəfindən dağıdılmış evləri göstərir: “Mənzərəni görürsünüz, kəndləri nə vəziyyətə qoyublar. İnanmaq olmur ki, bu vəhşilikləri hansısa millət, insan edə bilər. Bunlara insan demək olmaz. Finlandiyada çoxları ermənilərin barbarlığı haqqında məlumatsızdır, onlara bu vəhşilik barədə məlumat veririk, deputatlarla görüşürük. Ermənilərin vəhşiliklərinin görüntülərini onlara göstəririk. Biz xoşbəxt xalqıq. İndi Avropada başımızı dik tutub gəzirik. Qürurla deyirik ki, Qarabağ Azərbaycandır!”.
Ağdam şəhərinin viran qalmış küçələrini gəzirik. Arzu xanım ata evinin 1 nömrəli məktəbin arxasındakı küçədə olduğunu deyir. Xeyli axtardıqdan sonra göz yaşı içərisində dağıdılmış evlərinin yerini müəyyən edə bilir.

“Artıq iki saata yaxındır ki, gəzirik. Ata ocağımı tapa bilmirdim. Çox kədərlənirdim. Nəhayət bibimin evini və ata ocağımı, baba yurdumu tapa bildim. Ata ocağımı tapdığım üçün çox sevinirəm. Ancaq, eyni zamanda, kədərlənirəm ki, evimiz erməni vandalizminə məruz qalıb. Atam Ağdam həsrəti ilə dünyasını dəyişdi. Ağdamın torpağından aparıb onun məzarına səpəcəyəm. Ümid edirdim ki, ata ocağımdan salamat bir hissə tapacağam. Amma yalnız daşlar qalıb...”.

Arzu xanım çox axtardıqdan sonra ana babasının evinin də qalıqlarını tapdı. O günləri xatırlayaraq deyir ki, uşaqlığım Ağdam şəhərinin “Kommunist” küçəsində keçib. “Bax, bura mənim babam Həbib Hüseynovun evi idi. Evdən əsər-əlamət qalmayıb. Onun yanındakı evdə babamın qardaşı Əsgər yaşayıb. Üzbəüz tərəfdə babamın bacısı, Kübra bibimgilin evləri var idi. Qarşıdakı bina isə Ağdamda çox tanınan Vəlibəyovlar ailəsinin evləri idi. Bizim qohumlarımızın çoxu bu məhəllədə yaşayırdı. Küçənin yuxarı hissəsindəki bağçada mənim uşaqlığım keçib. Nənəm bağçada işləyirdi. Bu küçə mənə o qədər doğmadır ki... Mən körpə vaxtımdan ta universitetə qəbul olanadək burada olmuşam, burada böyümüşəm. Qarşıda 5 nömrəli məktəb var idi. Mən 2-5-ci sinifləri o məktəbdə oxumuşam. 1992-ci ildə isə buradan gözü yaşlı çıxmışam... İnanmırdım ki, Həbib babamın evini görə biləcəyəm. Babam Həbib Hüseynov 1934-1939-cu illərdə Qarabağ üzrə təhlükəsizlik xidmətinin rəhbəri işləyib. Əslən şuşalı idi”, - deyə Arzu Oqtay həmin günləri yadına salır.
Həmsöhbətimiz Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş Şahbulaq qalasını, Ağdam Cümə məscidini və İmarət kompleksini də ziyarət edir. O, İmarət kompleksinin ağdamlılar tərəfindən müqəddəs bir yer olduğunu bildirərək deyir: “Mənim bura ilə bağlı çox gözəl xatirələrim var. 60 yaşına çatmış insan kimi uşaqlıq xatirələrim silinmir və çalışıram ki, onları övladlarıma ötürüm. Erməni vandalizmi Qarabağın hər addımında hiss olunur. Heç bir millət bu cür vəhşiliklər etməz. Ancaq indi Ağdamımız artıq azaddır. Buna görə Prezidentimizə, ordumuza sonsuz minnətdarlığımı bildirirəm. Əminəm ki, Ağdam tezliklə yenidən qurularaq, əvvəlkindən də gözəl şəhərə çevriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top