“Ola bilsin, Azərbaycanın yaratdığı yeni vəziyyət rəsmi Vaşinqtonu dəyişikliklərə məcbur edib” — Partiya başqanı

GÜNDƏM 13 may 2022, 10:27
“Sülhə gedən yola mina döşəyən rəsmi Moskva mütəmadi olaraq Ermənistanda çaxnaşma yaratmaqla məşğuldur. Bununla əlaqədar, Paşinyanın rəsmi Vaşinqtondan kömək istəyəcəyi gözlənilirdi. Ermənistan xarici işlər nazirinin ABŞ-a son səfəri gözləntiləri doğrultdu. Ağ Ev administrasiyası prosesdə iştirakla həm də Paşinyan hakimiyyətini qorumağa çalışacaq”.

Bu fikirləri Demokrat.az-a Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədli açıqlayıb.

Onun sözlərinə görə. Rusiya bu siyasi yanaşma ilə nə Azərbaycanı, nə də Ermənistanı rahat buraxacaq:

“Qərbin, xüsusilə ABŞ-ın ən son Ukrayna böhranı fonunda Rusiyanın imperialist, ekspansionist siyasət yürüdən Putin rejimini siyasi səhnədən silib atmaqla bağlı planlarının ciddi olduğu artıq kimsədə şübhə yaratmır. Bu baxımdan Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan da sıxışdırıb çıxarmaq üçün Ermənistan və Azərbaycan arasında münasibətləri düzəltməkdən, sülh müqaviləsinin bir an öncə bağlanmasına, sərhədlərin qarşılıqlı olaraq tanınmasına, dərin regional iqtisadi əlaqələrin yaranmasına, Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olunmasına nail olmaqdan başqa çözümü qalmayıb. Cənubi Qafqazin hər üç ölkəsində dövlətlərarası münasibətlər mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf etməlidir ki, Qərbin regionla bağlı çox nəhəng miqyasda olması gözlənilən yeni iqtisadi təşəbbüsləri, proqramları, layihələri üçün siyasi zəmanət mühiti yaransın”. 

A.Əsədli hesab edir ki, ABŞ bundan sonra Cənubi Qafqazda baş verənlərə göz yummayacaq:

“Ən son Yerevanda, yenə Kremlin barmağının olması şübhə doğurmayan müxalifətin Paşinyan hökumətinə qarşı fasiləsiz yürüş və mitinqləri fonunda, Ermənistan xarici işlər nazirinin qəfil ABŞ səfəri və görüşdən sonra istər Mirzoyanın, istərsə də Blinkenin açıqlamalarındakı kəskin sülh, barış notları onu deməyə əsas verir ki, ABŞ isteblişmenti nə Moskvanın əliylə Paşinyan hakimiyyətinin devrilməsinə imkan verəcək, nə də Cənubi Qafqazda bundan sonra hansısa böyük miqyaslı müharibənin baş verməsinə göz yumacaq. Bununla belə, 30 il ABŞ Qarabağ problemi ilə əlaqədar demək olar ki, Rusiya ilə eyni mövqedən çıxış etdi. Ola bilsin ki, Azərbaycanın öz resursları və müttəfiqləri vasitəsilə yaratdığı yeni vəziyyət rəsmi Vaşinqtonu müəyyən dəyişikliklərə məcbur edib. Lakin əminliklə deyə bilərəm ki, ABŞ-ın maraqlarına zidd sülhün təmin edilməsi mümkün deyil”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top