“Suallarına tutula-tutula cavab verirdim” — Şair Ramaldanov Ulu Öndərlə bağlı XATİRƏLƏRİNDƏN DANIŞDI

GÜNDƏM 10 may 2022, 15:52
“Çox şadam ki, Ulu Öndərlə bir neçə dəfə görüşlərimiz olub”. 

Bu fikirləri hərbi ekspert, polkovnik Şair Ramaldanov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini Demokrat.az-la bölüşərkən deyib.

Polkovnik vurğulayıb ki, Ulu Öndərlə ilk görüşü Heydər Əliyevin özünün yaratdığı C.Naxçıvanski adına hərbi məktəbdə olub:

“Mən o zaman məktəbin bayraqdarı idim və qabaq sırada dayanmışdım. Ulu Öndərimiz o zaman sıranın qabağına gələrək bayrağın qarşısında dayandı və mənlə bir-iki kəlmə söhbət etdi. Əlbəttə, mən o vaxtı uşaq idim, sadəcə suallarına tutula-tutula cavab verirdim. Sualları çox sadə idi, ancaq o görüşdə ən çox yaddaşıma onun baxışları həkk olundu. O zamanlar onun baxışlarını anlaya bilmirdim, illər keçdi və nəhayət ki, o baxışları anladım.Təbii ki, Ulu Öndərimiz bizi gələcəyin milli, peşəkar hərbiçi kadrları kimi görürdü”. 

“Sonra onun respublikaya qayıdışı üçün ziyalıların müraciəti oldu. O illərdə Ulu Öndərin qayıtmasının bəlkə də ən çox arzusunda olan biz hərbçilər idik. Çünki regionda müharibə gedirdi, bizim isə Ali Baş Komandanımız yox idi. Onu da qeyd edim ki, Heydər Əliyev hər zaman təlimlərimizi yaxından izləyirdi və Ali Baş Komandan kimi iştirak edirdi. Təlim nöqtələri keçərkən onun suallarından hiss olunurdu ki, bu işi çox yaxşı, dərindən bilən şəxsiyyətdir. Təlim nöqtələrini keçəndən sonra şəxsi heyətlə də yaxından maraqlanırdı, onların yaşadıqları yerləri soruşurdu və həmin yerlərə baş çəkirdi”.

Ş.Ramaldanov deyib ki, Ali Baş komandan kimi Heydər Əliyev hər zaman əsgərlərin yaşayış vəziyyətinə nəzarət edirdi: “Bir dəfə təlim zamanı vaxtın az olmasına baxmayaraq əsgərlərin olduğu yerə girdi və onların şəraitindən çox məmnun qaldı. Onların ağ balışlarına kimi baxırdı ki, var yoxsa yox .Oradan çıxandan sonra gözlənilməz bir şualı oldu. Soruşdu ki, yeməklər harada bişir. Biz yemək bişirən yerə getdik və orada aşbazla da söhbət elədi. Yəni, mən demək istəyirəm ki, Ali Baş Komandan olaraq nəinki hərbiçilərlə, həm də şəxsi heyətinin vəziyyəti ilə də yaxından maraqlanırdı. Ulu Öndərin çıxışından sonra da şəxsi heyətdə ruh yüksəkliyi, motivasiya olurdu. Deyərdim ki, orada da həmin baxışları bir daha hiss etdim. Ona məruz etdilər ki, biz  C.Naxçıvanski adına hərbi məktəbin ilk məzunlarıyıq və o zaman əvvəlki baxışlara bir daha şahid oldum. Artıq Ulu Öndərin qarşısında özünün yaratdığı, diqqət göstərdiyi yetirmələri dayanırdı və Azərbaycan ordusunda xidmət edirdilər. O zamanlar mən artıq briqada komandiri idim. Deyərdim ki, bu yeni baxışlarında sanki bir rahatlıq var idi. Bəlkə də, sözlə deyə bilməyəcək bir məmnunluğu var idi. Yəni, Ulu Öndərin yaratdığı milli kadrları artıq vətənin müdafiəsində idi”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top