Qalib xalq ruhun qarşısında müntəzirdir

GÜNDƏM 10 may 2022, 12:11
İtki ilə, məğlubiyyətlə güclənmiş, çadırlarda torpaq həsrəti ilə böyüyən, evindən ayaqyalın çıxıb, tank belində geri dönən, gözlərindəki nisgili əzmə çevirib 44 günlük zəfər tarixi yazan gəncliyin babası! Həmişəyaşar! Gözlərdən qəlblərə köçmüş öndərim, bu gün başdan-başa gülüstandır məmləkətin! Yenə səmalar ruhuna ən gözəl sözlərə dinləyicidir. Alqışa, təşəkkürə, təbrikə, bir də yoxluğuna təəssüfə...

Dolaşıqlarına hamarlıq gətirdiyin, düyünlərini açdığın, qaranlıqdan aydınlığa çıxardığın gənc ölkə, məğlubiyyət dadmış, tarixinə kölgələr salınmış xalq indi regionun nümunə yeri, qorxu səbəbi, mənliyini, soy-kökünü möhürləmiş, yağını qovub, xəritəsini büsbütün bayrağına bürümüş qəhrəmandır! Baba deyib qucağına yüyürənlər 19 ildir ruhunun həsrətində olduğu torpaqları 98-ci doğum gününə hədiyyə etdilər! 99-cu doğum gününə isə həmrəyliyimizin Şuşadakı qurultayından sevgilər göndərdilər! Suqovuşanda suları yardılar eşqinə!  

Artıq 2-ci ildir ki, ruhun qarşısında təkcə yoxluğuna göz yaşı tökmürük.. İndi həm də nəsihətini yerinə yetirməyimizin sevincidir gözümüzdən axan.. Ruhun qarşısında alnıaçıq dayanırıq bu gün! Artıq iki ildir ki, Qarabağlı, Şuşalı ölkənin vətəndaşı kimi ruhuna, bəxş etdiklərinə, dilimizə, kökümüzə, mənəviyyatımıza, ədəbiyyatımıza, tariximizə yaratdığınız sonsuz sevgi və bağlılığa görə minnətdarlıq duyuruq!

Qurduğun, yaratdığın, vətən sevgisi, azadlıq eşqi, müstəqillik həvəsi ilə göz açan uşaqlığın gəncliyinə parlaq bir ölkə ərməğan etdiyin qalib ordu bu gün ruhun qarşısında müntəzirdir! 

Tarix durduqca yaşayacaq olan təkcə bütövləşən Azərbaycan, muğamım, xalçam, ilməm, şeirim, dastanım deyil! Təsdiqini tapmış Azərbaycan gücüdür, vətən sevgimizdir! Dünya var olduqca dəmirləşən və vətən sevgisindən güc alan yumruq, xor baxan hər millətə göz dağı olacaq, hürkdürəcək, qorxuya salacaq! Tarix durduqca içimizdə toxumunu səpdiyiniz Azərbaycançılıq və zəkanızdan bəhrələnən, nəsihətinizi həyat amalına çevirən tarixi sərkərdəmizin zəfər salnaməsi yaşayacaq, parlayacaq, əldə etdiklərini ruhuna ithaf edəcək!

Tarixi qələbəmizin, Şuşaya, Qarabağa qovuşmağımızın səbəbi sizdəndir, dahi insan! Sizdən qidalanan köksümüz, sizdən ruhlanan vətən eşqimiz, sizdən bəhrələnən ALİ BAŞ KOMANDANIMI! Boğaraq öldürən, qayalara qalxaraq vuruşan, yaralı halda düşmənin üzərinə yeriyən, canını dastana dönən vətən sevdası ilə tapşıran bir ordunun ali baş komandanı yalnız Heydər Əlirza oğlu Əliyev kimi dühanın oğlu ola bilərdi! 

Ruhun şad olsun, dahi insan! Müqəddəs torpağın səngər generalını yetişdirə bildiyin üçün! Yoxluğunun müddəti artdıqca varlığın daha çox hiss edildiyi üçün! Yenilənən hər tarixi səhifədə bizimlə bərabər doğulduğun üçün! 99 yaşınız mübarək! Qələbə qoxulu, Şuşalı, Xarıbülbüllü, Qarabağlı doğum günün mübarək! 

Maya İmran
Demokrat.az 



 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top