Politoloq: “Ermənistan praqmatik addım atmalıdır”

GÜNDƏM 09 may 2022, 18:02
“Azərbaycanla Ermənistan arasında hazırki situasiyada sülh müqaviləsi bağlanmayıb. Buna görə də, hər hansı bir sərhəd məntəqələrinin yaradılması və bu istiqamətdə işlərin görülməsi gözlənilmir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, hər bir dövlətin qonşu dövlətlə sərhəd məntəqəsi olmalıdır:

“Hesab edirəm ki, biz Ermənistana ümumiyyətlə dəhliz verməməliyik. Burada söhbət Laçın dəhlizindən gedir. Çünki Ermənistan bu dəhliz vasitəsilə öz ordusunu və silahlarını Qarabağa yerləşdirir. Hesab edirəm ki, burada keçid məntəqəsi fəaliyyət göstərməlidir”.



Politoloq qeyd edib ki, Azərbaycanın Ermənistana təklif etdiyi 5 təməl prinsipində, həmçinin 10 noyabr Birgə Bəyannaməsində  kommunikasiyaların açılması və bu kommunikasiyaların da məhz sərhəd keçid məntəqələrinin keçəcəyi qeyd olunub:

“Hazırda Azərbaycan bu istiqamətdə üzərinə götürdüyü addımları atmaqdadır. Artıq Azərbaycan Ermənistanla sərhəddə yaradılacaq iki sərhəd-keçid məntəqəsinin yerini müəyyənləşdirib. Sərhəd məntəqələri Ermənistanla həmsərhəd Qubadlı və Zəngilan rayonlarında Eyvazlı və Qazançı qəsəbələrində olacaq. Bu barədə ötən gün Azərbaycanın baş naziri Əli Əsədov da sərəncam imzalayıb. Ümumiyyətlə, Azərbaycan bununla bir daha sübut etdi ki, 10 noyabr Birgə Bəyannaməsi sadiqdir və Brüssel görüşündə də əldə olunan razılaşmaları yerinə yetirməyə tam hazırdır. Lakin Ermənistan tərəfi praqmatik addım atmalıdır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top