Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı yekunlaşdı — FOTOLAR

İNCƏSƏNƏT 09 may 2022, 16:31
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada daha bir möhtəşəm tədbir keçirildi. On bir ölkənin nümayəndələrinin və Azərbaycanın on bir iqtisadi regionun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı uğurla başa çatdı. Artıq iştirakçılar Şuşadan geri qayıdırlar. 

Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Səbinə Məmmədzadə də iştirakçılar arasında olub. Elə Şuşadan qayıdan kimi təəssüratlarını Demokrat.az-la bölüşüb. 

“Tarixə səyahət” adlı tədbirin rejissoru əməkdar artist Nicat Kazımov idi. Kompozisiya ilə müxtəlif ölkələrin, fərqli obrazları nümayiş olunurdu. Aktyorlar etnik geyimlərlə qonaqları tarixə səyahətə aparırdı. Bir neçə teatrdan aparıcı aktyorların ifasında səhnəciklər təşkil olunmuşdu. Bakı Xoreoqrafiya məktəbinin, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Oyuq Teatr studiyasının uşaqları çıxış edirdilər. Mən  və həmkarlarım da Gənc Tamaşaçılar Teatrını təmsil edirdik. Mən öz növbəmdə geyimim, obrazımla Malayziya xanımını təmsil edirdim. Ümumiyyətlə, festivalın ana xəttini müxtəlif ölkələr, xalqlar və onların mətbəxi, geyim mədəniyyəti, adət-ənənəsi və s. təşkil edirdi. Bununla biz göstərməyə çalışırdıq ki, Azərbaycanda bütün xalqlar eyni, bərabər şəkildə yaşaya bilir. Bizdə tolerantığın ən nümunəvi forması hökm sürür. Mənim üçün digər maraqlı məqam o idi ki, festivalda müxtəlif ölkələrin mətbəxi ilə tanış olurdum. Yekunda birlik, həmrəylik əlaməti olaraq, Şuşa ətrafında yallı getdik. Yağışa düşdük, amma Şuşanın yağışı da nurlu, bərəkətlidir.”

Şuşanı görmək isə gənc aktrisanın çoxdankı arzularından olub və o, bu arzusunun reallaşdığına görə özünü xoşbəxt hiss edir: 

“Şuşa barəsində hissləri ifadə eləmək mümkün deyil. Ora elə bir möcüzəli yerdir ki, orda hamı bir-birinə salam verir. Sanki o torpaq özü hər kəsi doğmalaşdırır. Tanıyan,tanımayan.. Yenidən qurma çox sürətlə gedir, baxdıqca adamın ürəyi açılır. Şuşaya elə bir yol salınıb ki, o yolu bir il ərzində salmaq qeyri-adi hadisədir. Adam orada olanda qürudan köksü az qala partlaya insanın.. Şriftlər bizim əlifba ilə, hər yerdə azərbaycanlı səliqəsi-səhmanı.. Mənim arzum idi ki, Şuşaya hansısa tədbir, festival çərçivəsində gedim. Deməli, arzular gerçəkləşirmiş.. Festival yüksək səviyyədə təşkil olunmuşdu. Dünyanın bier neçə ölkəsindən məşhur aşpazlar, teatr və muzey işçiləri,müxtəlif peşə nümayəndələri təşrif buyurmuşdular... Tədbir özü möhtəşəm idi, xüsusilə Şuşada təşkil olunması, 30 il əsarətdə olan bir torpaqda təşkil olunması lap sevindirici idi. Biz festival başlayandan orda idik, dörd gün davam etdi, dünən yekunlaşdı və bu gün biz yola düşdük Bakıya.. Ümid edirik ki, bu müqəddəs torpaqlarda belə əlamətdar, tarixi tədbirlər çox təşkil olunacaq.”






Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top