Mübariz Mənsimov: deyilənlərlə edilənlərin fərqinin PORTRETİ

GÜNDƏM 07 may 2022, 13:50
İş adamı, Türkiyədə yaşayan Mübariz Mənsimov bəlkə də yeganə şəxsdir ki, haqqında deyilən təriflərlə tənqidlər, simpatiya və antipatiya az qala tən gəlir.

Onun biznes fəaliyyəti ilə bağlı həddən ziyadə çox suallar olsa da, sosial şəbəkələrdə yaradılmış və ya yaranmış - fərq etməz, önəmli deyil - xeyriyyəçi, altruist, xalqını və vətənini sevən adam obrazı arasında həddən ziyadə kəskin ziddiyyət var.

Bir zamanlar Rusiyanın dövlət başçısı Vladimir Putin barədə amerikalı jurnalistin söylədiyi "Who is mister Putin?" sualı zərb-məsələ çevrilmişdi.

"Kimdir Putin?" sualı Rusiya hakimiyyəti üçün çox qəliz olduğundan, mümkün cavabın formasını və məzmununu dərhal dəyişmək üçün tələsik qaydada film çəkildi.

7 il əvvəl istehsal edilmiş "Whoismisterputin" filmində erməni rejissor Valeri Balayan faktlarla manipulyasiya edərək ortaya tam olaraq hansısa janra və ya təsnifə şamil edilməsi çətin məhsul çıxarmışdı.

"Brittanica" ensikolpediyası belə, suala cavab axtarmışdı.

Mübariz Mənsimovla Vladimir Putinin çapları fərqlidir: tir tüfəngindəki qırma ilə 155 mm-lik haubitsanın mərmisi arasında olduğu təki.

Lakin sualın özünün forması maraqlıdır: "Who is mister Mansimov?"

Yəni kimdir cənab Mənsimov?

Bəsit cavab: 54 yaşlı iş adamı, "Palmali Group Of Companies" holdinqinin banisi və sahibi, bir zamanlar "Forbes" jurnalının milyarderlər reytinqində 897-ci yeri tutmuş biznesmen.

Eyni zamanda, yüzlərlə azərbaycanlıya yardım etmiş, tələbələrin təhsil haqqını ödəmiş, xəstələrin müalicə pulunu vermiş iş adamı.

Bu da faktdır.

Amma faktların hamısı deyil.

Mübariz Mənsimov əsla birmənalı dəyərləndirilməyəcək şəxsdir, çünki sosial şəbəkələrdə onun barəsind yazılanlarla reallıq arasında, əfsuslar olsun, fərqlər var.

Özü də çox ciddi.



"Əfsuslar olsun" ona görə ki, Mübariz Mənsimova sidq-ürəkdən rəğbət bəsləyən, hisslərində səmimi olan insanlar onu vətənpərvər, səmimi, dürüst, vicdanlı, cəngavər ruhlu, mərd, xeyriyyəçi insan sayırlar və mövqelərində də qətidirlər.

Bu soydaşlarımız M.Mənsimov barədə azacıq tənqidi fikir söyləyənləri "hakimiyyətin adamı", "pula görə belə yazan və deyən adam", "sifarişlə işləyir" və s. təki epitetlərə tuş edirlər.

Onlar qətiyyən inanmaq istəmirlər ki, şüurlarında və qəlblərində formalaşdırdıqları obrazla gerçək arasında fərq var.

Mübariz Mənsimovda isə insanların tam əksəriyyətində olduğu kimi, məzmunla mahiyyət arasında fərq var.

Kimdə yox ki, belə fərq?

Di gəl, cənab Mənsimovda bəhs etdiyim fərq anormal həddə çatıb.

Adi fakt: M.Mənsimov sabiq SSRİ dönəmində Əfqanıstandakı kontingentin heyətində olduğunu, döyüşlərdə olduğunu deyir. Ola bilər, amma bir məqam var: Əfqanıstanda olmuş istisnasız olaraq bütün (!) sovet əsgərlərinin və zabitlərinin orada çəkilmiş heç olmazsa, bir fotosu mövcuddur.

M.Mənsimovun belə fotosunu görən varmı?

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi isə bildirib ki, 1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu 1987-ci ilin iyulundan 1989-cu ilin aprelinə qədər sovet qoşunlarının Almaniya Demokratik Respublikasının Finofurt şəhərində yerləşən hərbi hissəsində xidmət edib və Əfqanıstanda olmayıb.

Son sovet əsgəri Əfqanıstanı 1989-cu ildə tərk edib.

Almaniyanın Brandenburq əyalətindəki Barnim rayonunda yerləşən Finofurt şəhərində olmuş hərbi hissənin arxivləri mövcuddur və orada müvafiq sənədlər hələ də durur.

M.Mənsimovun Əfqanıstanda o illərdə mücahidlərə qarşı döyüşüb-döyüşməməsi önəmli məsələ yox, adi ştrixdir.

Önəmli olan onun indiki ritorikası, danışıq tərzi və danışdıqlarıdır.

M.Məsimov faktiki olaraq müflis olub, Türkiyədədir və bir zamanlar 170 gəmidən ibarət donanmasının total hissəsini itirdiyinə görə çoxlarını suçlayır.

SOCAR-ı, Rusiyadakı məmurları, Türkiyədəki "ədalətsiz qərar verən" strukturları və s.

Özündən savayı.

O, həmişəki kimi, əzabkeş, təqib olunan, lakin hər şeyə rəğmən Simurq təki külündən doğan adam, kimsənin qarşısından geri çəkilməyən şəxs obrazını formalaşdırmağa çalışır.

Alınırmı?

Sual ritorikdir.

Və yenə də məsələn, Mübariz Mənsimov buyurur ki, sən demə, mərhum Lotu Qulinin, yəni Nadir Nəriman oğlu Səlifovun hədələrinə çox sərt cavab verib.

Mənsimovun təqdimatında olay belə olub: Lotu Quli ona zəng vurub, "aradan götürəcəyini" deyib, Mənsimov da hirslənib, postsovet məkanının ən məşhur kriminal simalarından birinə söyüb, heç kimdən və heç nədən qorxmadığını deyib.

"Briqada" və ya "Bandit Peterburqu"ndakı mizan-səhnələrindən birini xatırlatsa da, inanmaq asan deyil.

Çünki kriminalitetin yazılmamış "qanun"larına görə, Lotu Quli çapda "oğru" ilə bu formatda söhbətin mütləq əks-sədası olmalı idi.



Olmadığından telefon söhbətinin özü illüziya, təxəyyül məhsulu təsiri bağışlayır.

M.Mənsimov deyir ki, onun külli miqdarda itkilərə məruz qalmasında, şirkətlər qrupunun faktiki iflas həddinə çatmasında əsas suçlu SOCAR-dır.

Reallıq, yumşaq desək, bir qədər fərqlidir.

"Palmali" şirkətlər qrupunun formalaşmasında və sonradan böyük struktura çevrilməsində məhz SOCAR və Rusiyanın "LUKoil" şirkətləri ilə əmədaşlıq müstəsna rol oynayıb.

Lakin sonradan əvvəlcə "LUKoil", sonra da SOCAR "Palmali" ilə əlaqələri kəsərək şirkətlər qrupunu fırıldaqda suçlayıb, məhkəmələrə verib.

... 2015-ci il.

Şimali İraqdakı Kürdüstan Muxtariyyətindən Türkiyənin Ceyhan limanına xam neft daşındığı aşkarlanır, rəsmit Bağdad buna çox sərt reaksiya verir və ixracatla məşğul olan dəniz şirkətlərini qara siyahıya salır.

Siyahıda "Palmali"nin də adı vardı.

Mənsimovun vasitəçiliyi Türkiyə və Azərbaycan arasında neft ticarətində də özünü göstərir. "Palmali Group" SOCAR-la 2007 və 2008-ci illərdə imzaladığı 10 illik sazişə əsasən, Bakıdan Ceyhana nəql olunan neftin 18 faizini tankerlərlə daşımaq hüququ əldə edir.

Sonucda SOCAR bu anlaşmadan on milyonlarla dollar ziyana düşür.

2021-ci il yanvarın 26-da SOCAR və "Palmali" arasında həmin mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanmışdı. Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilmişdi. Məhkəmə işində təxminən 63 milyon dollarlıq zərərin "Palmali" və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də "Palmali"nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilmişdi.



SOCAR və "Palmali" arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, "Palmali"nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə "Palmali"nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırmışdılar. Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi "SOCAR Overseas" şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar vermişdi. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnib. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatıb, arbitraj qərarı gözlənilir.

Göründüyü kimi, Mübariz Mənsimovun SOCAR-la bağlı iddiaları və söylədikləri faktoloji baxımdan səhih deyil.

"LUKoil"la münasibətlərin sonradan münasibətsizliyə çevrilməsineə gəldikdə isə, "Palmali"nin 46 gəmisi məhkəmə qərarı ilə Rusiyada hərraca çıxarılıb satılıb. "LUKoil"a vurulmuş ziyanın ödənilməsi üçün.

Almaniyada da analoji məhkəmə qərarı ilə "Palmali" şirkətlər qrupunun "Naxçıvan", "Riyad Əhmədov", "Mirzağa Xəlilov", "Əhməd Mahmudov", "İsmayıl Şıxlı" və "Şirvan" gəmilərinə həbs qoyulmuşdu. Üstəlik, "Palmali"yə verilmiş kreditlərin hamısı ləğv edilmiş, alınan məbləğlərin dərhal geri qaytarılması tələb olunmuşdu.

Gələk digər məqamlara.

Hacı Zeynalabdin Tağıyev, Cek Ma, Deyl Karneqi və Robin Qudun üzvi sintezi təki avatara malik olmağa çalışan Mübariz Mənsimovun sosial şəbəkələrdəki, eyni zamanda gerçək həyatdakı pərəstişkarları onu çox sevirlər.

Fəqət, həmin şəxslərin BMZ şirkətinin 7 il əvvəl Malta bayrağı altında üzmüş gəmilərindən xəbərləri varmı?

"Palmali Shipping & Agency JSC"ə məxsus "Məcid Aslanov", "Bəyim Aslanova", "Şair Qabil", "Armada Breeze" və "Şövkət Ələkbərova" gəmiləri Suriya və İraqın şimalında çıxarılmış xam nefti daşıyırdılar.

Həmin dövrdə həmin ərazilər İŞİD terror qruplaşmasının nəzarətində idi.

Mübariz Mənsimovun erməni Levon Termencyanla da əlaqələri vardı.

"Noil Energy" şirkətinin sahibi Levon Termencyan və ABŞ-dakı "Washakie Renewable Energy" şirkətinin sahibi Ceykob ve İsayya Kingston qardaşları ilə birlikdə xüsusi şəkildə təşkilatlanmış cinayət əməllərinə görə suçlu elan edilimişdilər.  Onlar ABŞ-ın dövlət xəzinəsinə bir milyard dollar məbləğində zərər vurmaqda təqsirli sayılıblar.

Mübariz Mənsimov öncələr dəfələrlə erməni işadamları ilə heç bir əlaqəsinin olmadığını, ermənilərə "soyuq" münasibətdə olması barəsində bəyanatlar vermişdi.

Ancaq...

Erməni Levon Termencyanın oğlu Corc Termencyan şahid qismində ABŞ-ın Solt-Leyk Siti Federal Məhkəməsində davam edən məhkəmə davasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimovun atası Levon Termencyanla bağlı verdiyi açıqlamalara cavab verərkən dbelə demişdi: "Mübariz Mənsimov bizim ən yaxın partnyorlarımızdan biri olub. 2016-cı ildə atam Levon Termendzyanın təlimatı ilə ABŞ-ın Kaliforniya ştatında "Palmali USA LLC" adında şirkət qurduq. Şirkət həm də yerli vergi idarəsində rəsmi qyediyyatdan keçdi. İndi Mübariz Mənsimov nədənsə bunları inkar edir".

Məhkəmə prosesində Geroge Termendzyan həm də əmisi ilə ortaq işbirliyində olan əlaqələrə toxunaraq, bir daha ifadə verərək özünün də çalışdığı "Palmali USA LLC" şirkətinin qurulmasında Levon Termendzyanla Mübariz Mənsimovun ortaq olması faktını canlı şahid kimi təsdiq edib.



Mübariz Mənsimov "Palmali Holding"in adından ya o gəmiləri icarəyə götürəcəkdi, ya da satın alacaqdı. Belə bir gözəgəlimli təkliflər təbii oaraq, qarşı tərəfin marağında idi. Həmin ərəfədə Levon Termendzyan Pentaqon və NATO-ya məxsus yükdaşıma məsələsi ilə bağlı "Palmali USA LLC" şirkətinin təkliflərini irəli sürmüşdü.

... Mübariz Mənsimovun sabiq həyat yoldaşı Tamara Mənsimova da iş adamının romantik obrazı ilə qətiyyən razı deyil.

Tam əksinə, o, keçmiş ərindən varidatın yarısını, yəni 3 milyard dolları təzminat qismində tələb etmişdi.

... Mübariz Mənsimov xeyriyyə məqsədilə pullar xərcləyə bilər, xəstələrin müalicəsinə və ya tələbələrin təhsilinə yardım edə bilər, vətənpərvər olduğunu deyə bilər.

Hər kəsin fikir və söz azadlığı var.

Lakin fikirlərlə sözlər gerçəkdən fərqli olanda, vəziyyət birmənalı alınmır.

Mübariz Mənsimovun da problemi budur.(milli.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top