Politoloq: “Zelenskinin belə bir tələb etməyə haqqı və səlahiyyəti yoxdur”

GÜNDƏM 03 may 2022, 16:31
“Türkiyə Ukrayna-Rusiya müharibəsi gedişində tərəflər arasında ən konstruktiv mövqe sərgiləyən ölkədir”.

Bunu Demokrat.az-a politoloq Turan Rzayev deyib. O qeyd edib ki, rəsmi Ankara bu günə qədər tərəfləri uzlaşdırmaq üçün maksimum səy göstərib:

“Bütün bunları nəzərə alsaq Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəni rus turistləri qəbul etdiyinə görə qınaması doğru deyil. Zeleski bildirib ki, “Dost münasibətlərə sahib olmaq istəyiriksə, bu qəbuledilən deyil. Bu, ikilistandartdır, Türkiyə seçim etməlidir”. Türkiyə seçim etməli deyil. Zelenskinin belə bir tələb etməyə haqqı və səlahiyyəti yoxdur. NATO Ukraynaya tam dəstək versə və aktiv şəkildə müharibəyə qoşulsa, Türkiyə də qoşula bilər. Bunun xaricində Ankaradan belə bir tələb gözləmək real deyil. Zelenskinin niyə belə açıqlama verdiyi və qeyri-obyektiv ittihamlar irəli süməsi anlaşılan deyil. Volodimir Zelenskinin Türkiyə haqqında dediklərini müharibə dəhşətlərinin onda yaratdığı əsəb və gərginliklə əlaqələndirmək də olar. Empati qurmalı olsaq Zelenskinin içərisində olduğu vəziyyətlə çox az ölkə başçısı üzləşib. Lakin bu yenə də ona ölkəsinə ən real dəstək verən, mövqeyini müdafiə edən və Rusiya ilə uzlaşdırmağa çalışan ölkəni ittiham etmə haqqı vermir”. 



Politoloqun sözlərinə görə, xüsusilə də Zelenskinin Türkiyəni Yunanıstan televiziya kanalına müsahibəsində ittiham etməsi bir başqa məsələdir: “Rəsmi Afinanın hər fürsətdə Ankaranı ittiham etməsi və bunu provokativ suallar ilə etdirməsi doğru deyil. Yunanıstan Ukrayna-Rusiya müharibəsində Kremldən çəkindiyi üçün Türkiyə qədər prosesə müdaxilə etmir. Bununla belə Türkiyənin vasitəçiliyinə qara yaxmaqdan da çəkinmir. Bu, qəbulediləndir. O ki, qaldı Türkiyənin rus turistlərindən imtinasına Ankara bunu niyə etməlidir? Avropa İttifaqı Rusiyanın Ukraynaya hücumuna baxmayaraq bu gün də bu ölkədən mavi qazın nəqlini dayandırır. Yəni Rusiyadan qaz alaraq bu ölkəyə milyardlarla dollar yardım etmiş olur. Kreml də öz növbəsində bu pulla yeni silahlar alaraq Ukraynaya qarşı istifadə edir. Bu reallıqlar altında Ankaradan belə bir şey istəmək qeyri-realdır. Rəsmi Kiyev uzaqgörən siyasət yeritməli və Ankara ilə münasibətlərdə ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, Türkiyə müharibənin ilk günüdən Ukraynaya dəstək verdiyi halda Qərb yeni Kiyevi dəstəkləyir. Bir gün bu münaqişə yekunlaşacaqsa Qərbin deyil, Türkiyənin vasitəçiliyi ilə yekunlaşacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top