Politoloq: “Kreml Ermənistanda iğtişaşlar törətməklə Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətə salır”

GÜNDƏM 02 may 2022, 13:55
“İki gündür ki, Kəlbəcər istiqamətində mövqelərimizin atəşə tutulması Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmasının və Brüssel görüşündə əldə edilmiş razılaşmaları pozmağa cəhd etməsinin bariz sübütudur. Səbəbin nə olması isə əslində o qədər də vacib deyil və ikinci dərəcəli məsələdir. Hətta bunlar Paşinyanın iradəsindən kənar baş verirsə belə bu onu məsuliyətdən azad etmir və ona haqq qazandırmır“.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, bir tərəfdən Brüsseldə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini dərk edən, digər tərəfdən isə Rusiyanın təzyiqləri ilə üz-üzə qalan Paşinyanın hazırki durumu təbii olaraq heç də ürəkaçan deyil:

“Elə bu səbəbdən də yürütdüyü siyasətdə xaotiklik dərhal hiss olunur. Bu isə rəsmi İrəvanın geopolitik mövqeyinin qətiyyən davamlı olmadığını deməyə əsas verir. Qərb siyasi dairələri ilə ünsiyyətdən sonra Rusiyanın maraqlarını gözardı edən addımlar atılır. Kremldən təzyiqlər artan kimi isə dərhal Ermənistanın Rusiyanın for-postu statusunda öz üzərinə götürdüyü öhdəliklər ön plana keçir. Son Brüssel səfərindən sonra Paşinyan əsas hədəflərinin məhz Azərbaycanla sülh sazişi imzalamaq, Türkiyə ilə münasibətlərin normallaşdırılması olduğunu qətiyyən gizlətmirdi. Lakin Moskvadan İrəvana qayıtdıqdan sonra o, Brüssel anlaşmaları ilə kəskin ziddiyyət təşkil edən mövqedən çıxış etməyə başladı. Elə bir neçə gün bundan əvvəl separatçı Araik və onun dəstəsilə görüşdə “Dağlıq Qarabağ münaqişəsinin həllinin ilk növbədə benefisiarı Artsax və onun xalqıdır” deyən və bununla da öhdəliklərini unudan Paşinyan faktiki olaraq separatçıları ruhlandıran bəyanatla çıxış etdi ki, bu da Brüssel görüşündəki öhdəliklərlə ziddiyət təşkil edir. Məhz bu cür məsuliyyətsiz bəyanatların nəticəsidir ki, indi Araik hər yerdə Qarabağın öz müqəddəratını təyin etmək hüququndan imtina etməyəcəyi ilə bağlı açıqlamalarla çıxış edir“.


Politoloq qeyd edib ki, heç şübhəsiz ki, Paşinyanın bu şəkildə mövqe dəyişikliyində Rusiyanın təzyiqlərinin də rolu az deyil və bunu açıq şəkildə demək lazımdır:

“Rusiya hər vəchlə özünün iradəsindən kənarda hər hansı dnışıqların aparılmasında maraqlı deyil və ümumiyyətlə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını da istəmir. Çünki Rusiya problemin qalması ilə hər iki tərəfə təzyiq imkanlarını əlində saxlamağa çalışır. Xatırlayırsınızsa hələ bu ilin əvvəlində Rusiya XİN S.Lavrov “Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyanın Dağlıq Qarabağ tənzimlənməsinə aidiyyatı yoxdur” deyərək bir açıqlama vermişdi. Bu mövqe əslində Rusiyanın gerçək istəklərinin nədən ibarət olduğunu bilmək üçün yetərlidir. Yəni, başqa sözlə Rusiya komunikasiyaların açılmasını, hətta sərhədlərin delimitasiyasını belə ölkələrin bir-birinin ərazi bütövlüyü tanımadan və sülh sazişi imzalanmadan həyata keçirilməsində maraqlıdır. Bunun üçün də hər şey edir. Bir tərəfdən separatçı rejimə “biz burdayıq” deyib təhlükəsizlik təminatı verir, digər tərəfdən isə Paşinyan hakimiyyətini sülh sazişi imzalamaqdan çəkindirmək üçün təzyiqlər göstərir“.

“Hal-hazırda İrəvan da daxil olmaqla, Ermənistanın bir çox yaşayış məntəqələrində Paşinyan hakimiyyətinə qarşı istefa tələbləri ilə kütləvi etiraz aksiyalarının keçirilməsi də elə həmin təzyiqlərin tərkib hissəsidir. Bütün bunlar onu göstərir ki, Kreml Ermənistanda iğtişaşlar törətmək cəhdləri ilə Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətə salmağa çalışır və bununla da rəsmi İrəvanı Rusiyanın Ermənistan üçün cızdığı xətdən kənara çıxmasının qarşısını almağa cəhd göstərir. Odur ki, indi Kəlbəcər istiqamətində atəşkəsin pozulmasına da həm sülh istəməyən ayrı-ayrı qüvvələrin münaqişəni alovlandırmaq cəhdi, həm də Paşinyanın özünün Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən yaxa qurtarmaq üçün fürsət kimi dəyərləndirmək olar. Amma yenə təkrar edirəm səbəbin nə olmasından asılı olmayaraq baş verənlər Ermənistanın məsuliyyətidir və Paşinyan hakimiyyəti Kremlin təzyiqləri altında Azərbaycan və Ermənistan arasında növbəti müharibəyə səbəb ola biləcək addımlar atarsa, regionda yeni silahlı toqquşmalara görə də məhz rəsmi İrəvan məsuliyyət daşıyacaq,“- deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top