İslahatların növbəti ünvanı

GÜNDƏM 30 apr 2022, 18:15
SOCAR şəffaf beynəlxalq enerji şirkətinə çevriləcək.

Son illər Prezident İlham Əliyevin ölkəmizdə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət qurumlarının fəaliyyətini optimallaşdırmaq  məqsədilə qəbul etdiyi mühüm qərarların şahidiyik. Bu qərarlar  idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etmək, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsinə nail olmaq, iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərmək, dövlət idarəetməsini daha müasir standartlara uyğunlaşdırmaq kimi mühüm hədəfləri özündə ehtiva edir.

Bu istiqamətdə islahatlar köhnələn idarəetmə strukturunun yerində yeni - daha çevik, daha yığcam, daha şəffaf, daha məqsədyönlü idarəetmə strukturunun yaranması ilə nəticələnməkdədir. Eyni zamanda, dövlət xidmətlərinin daha əlçatan olması üçün çox ciddi islahatlar həyata keçirilib və reallaşdırılan islahatlar Azərbaycana “dünyada ən islahatçı” ölkə imici qazandırıb. 

Hazırda davam etdirilən islahatların növbəti mərhələsində ölkəmizin rəqabətqabiliyyətli iqtisadiyyatının gücləndirilməsi, idarəetmə standartları baxımından Azərbaycanın inkişaf etmiş ölkələrdən birinə çevrilməsi üçün addımlar atılmaqdadır.

İslahatların ünvanı olan qurumlardan biri də Dövlət Neft Şirkətidir (SOCAR). Bu ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq  sərəncamı ilə SOCAR-ın rəhbərliyində dəyişiklik edilib. Bu dəyişiklik təkcə sıradan kadr dəyişikliyi deyil. Görünən odur ki, Prezident SOCAR-da ciddi islahatların aparılması qərarı verib və bu işi yeni rəhbərliyə həvalə edib. Verilən tapşırıqlara uyğun olaraq, Hazırda SOCAR-da fəal islahatlara start verilib və başlıca həqsəd qurumun şəffaf beynəlxalq enerji şirkətinə çevrilməsi, eyni zamanda korporativ idarəçiliyin optimallaşdırılmasıdır. 

Bu islahatlar çərçivəsində SOCAR-da səmərəliliyi qənaətbəxş səviyyədə olmayan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi gözləniləndir. Bu, idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyinin daha da artırılmasına səbəb olacaq.  İslahatlar nəticəsində daha az həcmdə resurs sərf edilməsi baş verəcək, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması kimi mühüm nəticələr əldə ediləcək. İslahatlar nəticə etibarilə əlavə resursların əldə olunmasına gətirib çıxaracaq. 

Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda SOCAR-da baş verən dəyişikliklərin üzərində ayrıca dayandı və gözlənilən yeniliklərin anonsunu verdi: “Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəkdir. Mən əminəm, çünki yeni rəhbərliyə bu təlimat verilib. Müvafiq surətdə itkilərdə də azalma olacaqdır. Çünki bizim qazda çoxlu itkilərimiz olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə əsaslandırılır, lakin bəzi itkilər çox şübhəlidir. Bizim aparıcı şirkətimiz olan SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin optimallaşdırılması əminəm ki, bizə əlavə resurslar verəcəkdir”.
 
Azərbaycanın əsas brendi olan SOCAR-ın iqtisadiyyatımız üçün əvəzedilməz rolu hamıya bəllidir və bu şirkətin başladılan islahatlardan nəsibini alması, öz inkişafının yeni mərhələsinə qədəm qoyması bütövlükdə iqtisadiyyatımıza əlavə töhfələr verəcək. Bir müddət öncə 2035-ci ilədək korporativ strategiyası qəbul edilən, orta və uzunmüddətli maliyyə dayanıqlığının təminini hədəflənən SOCAR yeni inkişaf mərhələsində daha böyük nailiyyətlərə imza atacaq. Şirkətdə gerçəkləşdirilən işlər onun potensialının əsaslı şəkildə yüksəldilməsinə imkan verəcək.

Beləliklə, SOCAR-dakı islahatlar Azərbaycanda bütün sahələrdə şəffaflığın təmin edilməsi, müasir idarəetmənin və texnologiyaların tətbiqi, səmərəlilik əmsalının yüksəldilməsi istiqamətində aparılan islahatların tərkib hissəsidir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top