Tariximizdən kirilcə xəbər verən heykəllər... — FOTOLAR

İNCƏSƏNƏT 29 apr 2022, 10:27
Hər yaşayış məskəninin, xüsusilə də şəhərlərin yaraşığı heykəllərdir. Bu dünyanın bütün ölkələrində belədir. Ədəbiyyatına, mədəniyyətinə, tarixinə dəyər verən xalqlar onlara məxsus şəxsləri elə heykəllər vasitəsilə əbədiləşdirirlər. Odur ki, bu tarixi şəxsiyyətləri tanımaq üçün onların məlumatları - adları, soyadları doğma dildə olmalıdır. Amma təəssüf ki, paytaxtda bir neçə heykəlin yazısı hələ də kiril əlifbasında qalıb. Paytaxt sakinləri bu haldan narazıdır.

Demokrat.az məsələni araşdırmağa çalışıb:

“Bizim yetişən təzə nəslimiz bilmir. Kirilcə hərfləri və bizim heykəllərimiz latın hərfləri ilə yazılsa, daha gözəl olar. Oxumaq asan olar. Məsələn, Üzeyir Hacıbəylinin heykəlinin üzərini oxuyub tanıyarlar ki, kimdir, nəçidir?”

“Heykəllərin adlarının kiril əlifbası ilə olmasına münasibətim çox pisdir. Hər bir heykəlin qarşısında həm də latın əlifbası ilə məlumat tablosu yerləşdirilsə, daha yaxşı olar". 

Xalq şairi Səməd Vurğunun heykəlində isə ona məxsus şeirin misraları  kirilcədir. Elə bu səbəbdən də əksəriyyət bilmir ki, heykəlin üzərində nə yazılıb. Muzey-qalereya sərgilər şöbəsinin sektor müdiri Aqşin Mirfeyzullazədənin məsələyə münasibəti belə oldu:

“Abidənin üzərinə kiril əlifbası ilə vurulan ad və soyadlar, sözsüz ki, demontaj oluna bilməz. Çünki bu abidənin bir hissəsidir. Onların yanında nümunə olaraq, Hacı Zeynəlabdin Tağıyevin heykəlinin yanında olduğu kimi lövhə olacaq. Azərbaycan, rus və ingilis dilində. 

Düşünürük ki, heykəlin müəllifi haqqında da məlumat olsun. Tək ad, soyad yox. Çünki gənc nəsil yetişir, bir çoxları təəssüf ki, həmin şəxsiyyətlər barədə məlumatsızdır. Demontaj etmək mümkün olan heykəllərin üzərindəki məlumatlar latın əlifbası ilə əvəzlənəcək. 

Elə hər kəsin istəyi də budur. Şəhərimizi bəzəyən, tariximizdən, keçmişimizdən xəbər verən heykəllərin adlarının latın əlifbasına dəyişdirilməsi daha məqsədəuyğun olar".



Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top