“Rusiyanın qələbəsi həm dünya, həm də postsovet məkanında...”

GÜNDƏM 28 apr 2022, 16:31
Böyük Britaniyanın xarici işlər naziri Elizabet Tras müttəfiqləri Ukraynaya döyüş təyyarələri verməyə çağırıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin qələbəsi həm Avropada, həm də bütün dünyada iztirablara və dəhşətli nəticələrə gətirib çıxaracaq. 

Xarici işlər nazirin fikirlərini Demokrat.az-a şərh edən siyasi-şərhçi Asif Nərimanlı bildirib ki, Rusiyanın hazırda əsas məqsədi Donbası işğal etmək və bundan sonra Ukraynanın “neytral statusu”nu razılaşdırmaq niyyətindədir.Analitik bildirib ki, Qərb Ukraynanı ciddi şəkildə silahlandırsa da, Donbasda Rusiyanın üstünlüyü daha çoxdur:

“Rusiya Ukraynada A planına, yəni Kiyevin ələ keçirilməsi, hakimiyyətin dəyişdirilməsinə nail ola bilmədi, ardınca daha az qazancla çıxa biləcəyi B Planını, Donbasın işğalı və Ukraynanın “neytral status” məsələsinin razılaşdırılmasını gündəmə gətirdi. İstanbulda razılaşma əldə olunsa da, davamı olmadı, çünki Donbas məsələsində Moskva və Kiyev fərqli mövqe sərgiləyirlər. Görünən budur ki, Rusiya Donbası işğal etdikdən sonra masaya qayıtmaq və Ukraynanın “neytral statusu”nu razılaşdırmaq niyyətindədir. Bu baxımdan, həlledici və ağır döyüşlərin Donbasda olacağı gözlənilir. Qərb Ukraynanı ciddi şəkildə silahlandırsa da, Donbasda Rusiyanın üstünlüyü daha çoxdur, bunu rəsmi Kiyev də zaman-zaman dilə gətirir. Kiyevdən fərqli olaraq, Donbasda Rusiyanın hərbi qüvvələri cəmləşdirməsi və lojistik problemini həll etmək daha asandır. Rusiyanın burada istədiyinə nail olacağı ehtimalı hələki ön plandadır. Əgər Donbası işğal edə bilsələr və masada Ukraynanı neytral statusa məcbur etsələr, Rusiya bunu qələbə kimi təqdim edəcək”. 



Ekspertin sözlərinə görə, Rusiyanın qələbəsi həm dünya, həm də postsovet məkanı üçün yeni reallıqlar yarada bilər:

“Bu, Rusiya ilə hesablaşma mövqeyinin güclənməsi, dolayısı ilə Moskvanın bu bölgədə təsir imkanlarının artması deməkdir. Ümumilikdə isə dünya üçün “soyuq müharibə” vəziyyətinin yaranmasına gətirib çıxaracaq və bu, Rusiyaya, eyni zamanda, ABŞ-a sərfəli görünsə də İngiltərə sərfəli deyil. Çünki Rusiyanın Ukraynaya hücumu Britaniyanın Avrasiyadakı planlarını pozur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top