“AzerGold” Fransa şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə etdi

SƏNAYE VƏ ENERGETİKA 27 apr 2022, 17:36
Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan Fransa şirkətləri ilə “AzerGold” QSC arasında mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Demokrat.az-ın “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, bu, Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov Fransanın ölkəmizdəki səfirinin iqtisadiyyat müşaviri Lui Tulorj və iqtisadi məsələlər üzrə attaşesi Yannik Haronis ilə keçirilən görüşdə müzakirə edilib.

Z. İbrahimov rəhbərlik etdiyi şirkətin 5 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər barədə qonaqlara məlumat verib. Həmçinin “AzerGold”un geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə uğurlu fəaliyyəti, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs olunub. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa daim önəm verdiyini bildirən Z.İbrahimov bu xüsusda Cəmiyyətin xarici şirkətlərlə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.

Öz növbəsində, Fransa şirkətlərinin Azərbaycanda nəqliyyat, energetika sahələrində geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən Lui Tulorj digər sahələrdə də əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib. Diplomat, həmçinin bu cür görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.

Ümumilikdə dağ-mədən sənayesinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması üzrə nou-hau texnologiyaların tətbiqi, gələcək layihələrdə alternativ enerji mənbələrindən istifadə edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə edilib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top