“Kiberhücumla daha effektiv mübarizə aparılmalıdır”

İKT 24 apr 2022, 16:25
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf etməkdədir. Bu gün İKT-nin gündən-günə inkişaf etməsi, yeni texnoloji nailiyyətlərin əldə edilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da informasiya mübadiləsi prosesini asanlaşdırıb. Təbii ki, dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və onun daha da artmasına səbəb olub. 

Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il milyonlarla insanın internet vasitəsilə törədilən cinayətlərin qurbanı olduğunu bildirib. Əlbəttə ki, kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir. Kibertəhlükəsizlik çox geniş, qlobal və demək olar ki, bütün dünyanı narahat edən problemlərdən biridir. Təəssüflər olsun ki, effektiv kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi də artıq dünyada çox çətin bir prosesə çevrilib. Çünki bu gün hücumları həyata keçirildiyi müasir cihazların sayı da kifayət qədər çoxdur. Bununla yanaşı, kibercinayətkarlar hər gün yeniliklərdən istifadə edərək informasiya və kommunikasiya sahəsinə kiberhücumlar edirlər. Bəs ölkəmizdə bu sahədə kibertəhlükəsizlik hansı səviyyədədir?

Mövzu ilə bağlı Demokrat.az-a danışan ekspert Ələsgər Əhmədoğlu qeyd edib ki, ölkəmizdə informasiya və kommunikasiya sahəsində kibertəhlükəsizlik çox ciddi risk altındadır. Ekspert bu yaxınlarda Azərbaycanın informasiya məkanının kiberhücumlara məruz qaldığını da vurğuladı:

“Son illər texnologiyalar sürətlə inkişaf edir. Təbii ki, bu da kiberhücumların sayını artırmaqdadır. Bunun üçün də kiberhücumla daha effektiv mübarizə aparılmalıdır. Bu yaxınlarda Azərbaycanda xüsusən sosial müdafiə sahəsində data bazasının oğurlandığının şahidi olduq. Təbii ki, bu, nə yeni, nə də ki, birinci deyil. Baxmayaraq ki, Azərbaycanda bununla bağlı xeyli vəsaitlər xərclənib və xüsusi infrastruktur qurulub. Hətta, xüsusi mühafizə xidməti belə yaradılıb. Təəssüf ki, bu istiqamətdə  problemin əsasən kadr potensialı ilə bağlı olduğu qənaətindəyəm. Hesab edirəm ki, biz özümüz keyfiyyətli kadr yetişdirməliyik. Digər bir məsələ isə bizim texnoloji olaraq asılı olmağımızdır. Yəni, əgər kibertəhlükəsizlik tam təmin etməyi düşünürüksə, o zaman təhlükəsizlik infrastrukturunu və texnologiyanı özümüz yaratmalıyıq. Sirr deyil ki, biz belə məsələlərdə beynəlxalq aspektə uduzuruq, çünki bizim o rəqabəti aparmaq imkanımız yoxdur”.

Ekspert qeyd edib ki, ölkəmizdə İKT sahəsində kadr potensialının yaradılması üçün kifayət qədər resurs tələb olunur:

“Təbii ki, ölkəmizdə bu sahədə kadr potensialının yetişdirilməsi başlıca amildir. Amma bunun obyektiv və subyektiv səbəbləri var. Bizdə indiyədək peşəkar kadr potensialının yetişdirilməməsinin başlıca səbəbi ölkəmizdə bu sahədə yaxşı universitetlərin mövcud olmaması ilə bağlıdır. İkincisi, belə universitetin qurulması üçün də kifayət qədər böyük resurs tələb olunur və ən başlıcası isə bunun üçün ölkədə bu sahədə yetişmiş insanların olmamasıdır. Gəlin bir məsələni də etiraf edək ki, o səviyyədə yetişmiş insanı ölkəmizdə tutmaq çox çətin məsələdir. Çünki bu gün həmin şəxslər “Microsoft”da, “Google”da və digər yerlərdə işləyirlər. Biz isə həmin şəxsləri ölkəmizdə tutmaqda çətinlik çəkirik. Ona görə də, bu sahədə ölkəmizdə bir sıra çatışmazlıqlar mövcuddur”.

İT müəxəssisi Pərvin Əsədov isə Demokrat.az-a açıqlamasında bildirib ki, informasiya cəmiyyətinin ən başlıca xüsusiyyətlərindən biri qlobal informasiya mühitinin yaradılmasıdır: “Hesab edirəm ki, ilk olaraq ölkəmizdə sağlam şəkildə informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsinə nail olunmalıdır. Çünki bu gün ölkəmizin bütün sahələrində dinamik inkişaf müşahidə edilməkdədir”. 

P.Əsədovun fikrincə, Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafına da öz müsbət təsirini göstərib: “MDB məkanında daha çox ölkəmizdə İKT-nin inkişafı ilə bağlı mühüm addımlar atılmışdır.  MDB ölkələri arasında ilk dəfə kimi Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. Artıq ölkəmizin istənilən yaşayış məntəqəsində yüksəksürətli, eləcə də genişzolaqlı internetə çıxış imkanı əldə etmək mümkündür. Sirr deyil ki, son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, hətta bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir”.

Onun sözlərinə görə, ancaq ölkədə informasiya cəmiyyətinin formalaşdırılması prosesini daha da sürətləndirmək üçün ilkin şərtlər və bir sıra obyektiv çətinliklər mövcuddur: “Bu gün dünyada kibertəhlükəsizlik əsas məsələlərdən biridir. Çünki dünyada İKT sahəsində texnologiyalar günbəgün, hətta hər saniyə yenilənməkdədir. Təbii ki, bu da informasiya və kommunikasiya sahəsində kibercinayətkarlıqla mübarizəni daha da çətinləşdirir. Fikrimcə, kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq hüquq normalarının ölkədaxili səmərəli tətbiqinə və bu sahədə müvafiq qurumlar,  ictimai birliklər tərəfindən əhali arasında maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Eyni zamanda, təlim və tədris materiallarının tərcümə edilərək əhali arasında yayımı, habelə radio, televiziya, internet resusrlarından istifadə olunmaqla, bu sahədə biliklərin tətbiqi, normativ hüquqi bazanın KİV-də geniş dərc edilməsi bu istiqamətdə əsas məqsədin əldə olunmasına yardımçı ola bilər”.

Mütəxəssis hesab edir ki, vətəndaşlar arasında maarifləndirmə daha gücləndirilməlidir: "Hər bir vətəndaş informasiya və kommunikasiya sahəsində  kibertəhlükəsizliklə bağlı yetərincə məlumatlı olmalıdır. Yəni, hər kəs fərdi məlumatlarını necə qorumalı, kiber dələduzları necə müəyyən etməsi ilə bağlı məsələlərdə ayıq-sayıq olmalıdır. Ən azından, electron poçtuna gələn məktubları analiz etmək, təhlükəli görünən fayllardan, saytlardan uzaq durmaq, antivirus proqramlarından istifadə etməyi bacarmalıdır, çünki bunlar qismən də olsa kibertəhlükəsizliyi təmin edir. Ümumilikdə isə kibertəhlükəsizliklə vətəndaş, özəl qurumlar, dövlət, hətta dövlətlər birgə mübarizə aparmalıdır. Sonda onu qeyd edim ki, müasir tələblər baxımından ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir".

Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top