"Universitetə qəbul olunanların məqsədi dil öyrənmək deyil, ixtisas öyrənməkdir" — Zahid Məmmədov

SOSİAL 21 apr 2022, 18:40

Məsələn, bir qrup azərbaycanlılara bir azərbaycanlı professor tutaq ki, ixtisası ilə əlaqədar mövzunu xarici dildə anlatmağa çalışır.

Əvvəla bu sual ortaya çıxır: azərbaycanlı professoru xarici dili hansı səviyyədə bilir?

Bundan başqa, o professorun vəzifəsi ixtisasını yaxşı şəkildə anlatmaqdır, yoxsa, xarici dili bilməsi yetərlidir?

Axı, professorun vəzifəsi, xarici dili filoloq səviyyəsində bilmək deyil, öz ixtisası üzrə biliyini ən məhsuldar şəkildə tələblərə çatdırmaqdır.

Bəli, onun vəzifəsi budur, bunun üçün o auditoriyadadır.

Bir anlıq düşünək, İngiltərədə oxuyan bir tələbəyə ingilis professoru fransız dilində dərs anlatsaydı, nə qədər absurd olardı.

Bəs, o zaman azərbaycanlı tələbəyə azərbaycanlı müəllim niyə ana dilində deyil, xarici dildə dərs verir?

Necə də absurddur. Unutmayaq ki, biz xəstələnib həkimə gedərkən, onun xarici dil bilib-bilməməsi bizi maraqlandırmır.

Bizi maraqlandıran məsələ onun tibbi sahədə aldığı biliyidir.

Xarici dil bilib də ixtisasını  bilməyən həkimin yanına kim gedər və kimə lazımdır o həkim və o həkimin xəstəyə faydası nə olar?

Pakistan, Əlcəzair, Banqladeş, Hindistan, Livan, Nigeriya, Mali kimi ölkələrin təhsil sistemlərində tədris xarici dildə ikən, nəyə görə bu ölkələr iqtisadi cəhətdən güclü deyillər?

Doğrudur, xarici dil öyrənməliyik və ən gözəl şəkildə, ancaq Azərbaycan dili hesabına deyil.

Yəni, iqtisadi inkişaf dilə bağlı deyildir. İqtisadi inkişaf ixtisasını ən gözəl şəkildə bilən və təcrübədə tətbiq edən  insan gücünə bağlıdır.

Xarici dili bilmək vacib və gərəklidir, ancaq orda-burda «moda» xatirinə deyil, Azərbaycan dövlətçiliyinin tarixi- ənanələrini  və şərəfini xaricilərə yaxşı anlatmaq üçün olmalıdır.

Avropa Birliyi ölkələri iqtisadi-siyasi ittifaqlar qurduqları halda, indiyə qədər vahid bir dilə keçməsini gündəliyə gətirməmişlər.

Deməli, inkişaf dilə deyil, insan gücünə bağlıdır/

Professor Zahid Məmmədov

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top