İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul etdi — YENİLƏNİB

XARİCİ SİYASƏT 19 apr 2022, 14:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.

Demokrat.az
xəbər verir ki, səfir Məhəmməd Əl Bluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini bildirdi. Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon söhbətini xatırladan Prezident İlham Əliyev həmin söhbət zamanı əlaqələrimizin daha da intensivləşdirilməsinin vacibliyini bildirdiyini vurğuladı. Dövlətimizin başçısı məmnunluqla qeyd etdi ki, bu telefon danışığından sonra Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber Azərbaycanda səfərdə oldu və səfər zamanı əməkdaşlığımızın strateji əhəmiyyəti qeyd edildi, həmçinin BƏƏ-nin ölkəmizdə konkret investisiya layihələri ilə bağlı səmərəli müzakirələr aparıldı. Prezident İlham Əliyev bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasının önəmini vurğuladı, hazırda ölkələrimiz arasında bərpaolunan enerji sahəsində çoxmilyardlı investisiya portfeli üzərində iş aparıldığını bildirdi və bunu iki ölkə arasında dostluq, qardaşlıq və böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda çox əlverişli investisiya iqlimi, cəlbedici enerji sektoru mövcuddur və bu, BƏƏ hökuməti tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyev ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu bildirdi, eyni zamanda, digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın genişlənməsi üçün böyük imkanların olduğunu dedi və artıq ölkəmizin nəqliyyat infrastrukturuna BƏƏ tərəfindən investisiya qoyulduğunu qeyd etdi. Azərbaycanın müxtəlif istiqamətlərə yönəlmiş çoxşaxəli mühüm regional nəqliyyat habına çevrildiyini vurğulayan dövlətimizin başçısı bu sahədə əməkdaşığımızın genişləndirilməsi üçün çox yaxşı perspektivlərin olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Abu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında güclü qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan səfir BƏƏ-nin siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində böyük səylər göstərdiyini bildirdi.



***13:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.

Demokrat.az
xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlətimizin başçısı Azərbaycanla Misir arasında siyasi və mədəni sahələrdə sıx əlaqələrin mövcud olduğunu vurğulayaraq beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi və sədrlik müddətinin uzadılması ilə bağlı Misirin dəstəyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlığımızı qeyd etdi və ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrə verdiyi davamlı dəstəyə görə də Misirə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində görüşündə Azərbaycanın mədəni irsi və ərazi bütövlüyünün bərpası ilə bağlı qətnamələrin qəbul olunmasında təşkilatın güclü dəstəyini xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın da öz növbəsində Misiri beynəlxalq arenada dəstəklədiyini bildirdi. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkili bu işə öz töhfəsini verə bilər.

Prezident İlham Əliyev dedi ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərində Misir şirkətlərinin iştirakından məmnun olar və bu əməkdaşlımızın yaxşı nümunəsi ola bilər. Dövlətimizin başçısı qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə görüləsi işlər var və ermənilər tərəfindən 10 min kvadratkilometrdən çox sahəsi olan dağıdılmış ərazilərdə hazırda yenidənqurma və bərpa işləri aparılır. Prezident İlham Əliyev, eyni zamanda, digər sahələrdə də əlaqələrimizin inkişafı üçün yaxşı perspektvilərin olduğunu bildirdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkəsinin əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində fəaliyyətdə maraqlı olduğunu vurğuladı.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın bu ilin fevralında keçirilmiş iclasının əhəmiyyəti vurğulandı.



***13:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.

Demokrat.az
xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq Kuba Prezidentinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərini və onunla görüşünü məmnunluqla xatırladıb, görüş zamanı əlaqələrimizin geniş gündəliyi ilə bağlı məhsuldar danışıqların aparıldığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı ölkələrimizin bir-birini həmişə dəstəkləməsinin yaxşı nümunəsidir.

Dövlət başçısı iqtisadi, mədəni, tibb, idman və digər sahələrdə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb və ənənəvi sahələrdən başqa, yeni sahələrin, investisiya imkanlarının müəyyənləşdirilməsinin də önəmini qeyd edib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Enrike Valdes de la Konsepsyon, ilk növbədə, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlət başçısına çatdırıb. Səfir qeyd edib ki, Kuba Prezidenti dövlətimizin başçısı ilə Bakıda keçirdiyi görüşü və Azərbaycan Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakı sammitini məmnunluqla xatırlayır.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş edib.

Səfir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrə əsaslanaraq iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.



***11:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.


Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top