“İnsanlar evlərini elektriklə, qazla qızdıranda daha çox xərcə düşür” — Deputat

SOSİAL 18 apr 2022, 18:05
“İnsanlar evlərini elektriklə və qazla qızdıran zaman daha çox xərcə düşürlər”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat ölkəmizdə istilik sisteminin mərkəzləşdirilməsini təklif edib: 

“"Azəristiliktəchizat" 10-15 ildir yaradılıb, hesab edirəm ki, bu illər ərzində bütün yerlərdə qazanxanalar tikilməli idi ki, istilik sistemi mərkəzləşdirilsin. Yəni, insanlar evlərini qızdırmaq üçün təbii qazdan və elektrikdən istifadə etməsin. Çünki təbii qaz və elektrikdən istifadə daha baha başa gəlir. Kasıb təbəqənin də bunu ödəməyə imkanı çatmır. Hesab edirəm ki, “Azəristiliktəchizat” bu addımı atsa, təbii ki, bu, insanlar üçün daha sərfəli olar”. 

Deputat ölkədə mərkəzi istilik sisteminin olmamasını təəssüf hissi ilə qeyd edir: 

“Əgər bunlar zamanında hökumətə təklif edilsəydi, indi bu məsələlər çoxdan həll olunmuşdur. Bu gün hər kəs evinə kombi, “ceyran peçi” qoyub. Yaxud, elektrik enerjisindən istifadə edir ki, uşağı soyuqdan donmasın və ayda da işığa 250 manat pul ödəyir. Ya da ki, 10 nəfər ailə üzvü bir otağa yığışır və bir otaqda bütün qış boyu yaşayırlar ki, pulu az versinlər. O baxımdan hesab edirəm ki, istilik sistemi mərkəzləşməlidir. İnsanlar da ayda elektrikə 15-20 manat aylıq haqqı ödəyə bilərlər. Beləliklə də, qaza da bu şəkildə qənaət oluna bilər. Bununla da, insanların xərci ən azı 80-90 faiz azalardı. Hesab edirəm ki, “Azəriistiliktəchizat”ın mərkəzləşdirilməsi üçün ciddi investisiyalar, sərmayələr qoyulmaldır. Amma “Azəriistiliktəchizat” bunu zamanında əsaslandırıb, hökumətə təqdim etməli idi”.

Qeyd edək ki, ötən gün "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, istehlakçılar arasında sorğu keçirib və monitorinq aparılıb. O qeyd edib ki, istilik tariflərinin 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar və əhali buna razıdır.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top