İsmayıllıda otlaq sahəsində çobanların davası — Təfərrüat

KRİMİNAL 18 aprel 2022, 12:08
İsmayıllı rayonunda 1982-ci il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Vüqara xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 sentyabr 2021-ci ildə rayonun Kürdmaşı kəndində baş verib. 

Elçin həmin kənddə yerləşən əkin sahəsində mal-qarasını otararkən həmkəndlisi Vüqar ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı əsəbiləşərək əlində olan  çomaqla Vüqara zərbə vurub. 

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, təsərrüfatla məşqul olmaqla ailəsinin dolanışığını təmin edir: “Elçin mənim həmkəndlim olmaqla münasibətimiz yaxşı olub. Aramızda ədavət və düşmənçiliyimiz olmayıb. Biz 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən “Göbələk” adlı yaşayış massivində məskunlaşaraq orada yaşayırıq”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 24-də, saat 10 radələrində evlərinin yaxınlığındakı əkin sahəsində qardaşı Kərəm və yeznəsi Rəhman ilə birlikdə özünüzə məxsus heyvanları otarıblar: “Bu zaman Rəhmanla Vüqar arasında mübahisə yarandı. Mübahisə zəminində Vüqar Rəhmanın ünvanına nəlayiq ifadələr işlətdi. Vüqar atın belində Rəhmanın üzərinə tərəf gedərkən isə Kərəm Rəhmanı kənara çəkdi. Bir az aralıda olduğumdan Vüqara oradan uzaqlaşmağı bildirdim. Vüqar sözlərimə məhəl qoymayaraq yeznəmin və mənim ünvanıma təkrarən nalayiq ifadələr işlətdi. Atın üstündə oturmuş Vüqara yaxınlaşaraq əlimdəki çomaqla onu vurdum. Vüqar da atın üstündən məni vurmaq istədi. Amma əli boşa çıxdı və yerə yıxıldı. Vüqar yerə yıxıldıqdan sonra əlimdəki çomaqla onu vurmağa başladım. Yaxınlıqda qoyun otaran həmkəndlim Fikrət yaxınlaşaraq bizi ayırdı və sakitləşdirdi. Vüqar atına əyləşərək oradan uzaqlaşdı. Sonradan Vüqarın polisə döyülməsi barədə məlumat verdiyini eşitdim”. 

İsmayıllı rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuluiyyətindən azad edilib. 

Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi olub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top