Prezidentin uzaqgörənliyi — TƏHLİL

GÜNDƏM 19 iyun 2025, 23:11
İran-İsrail müharibəsi Azərbaycanın quru sərhədlərinin bağlı olmasının səbəblərini yenidən aktuallaşdırdı və bir daha isbat olundu ki, sərhədlərin bağlı olması ölkəmizi böyük fəlakətlərdən xilas edir.

Azərbaycanda İranda müharibə başlayarsa, köç dalğasının qarşısını necə kəsmək məsələsi həmişə müzakirə mövzularından biri olub. Çünki müharibə humanitar böhran deməkdir və Arazın o tayından böyük axının olması gözləniləndir. Müharibənin başlaması bu risklərin nə qədər real olduğunu göstərdi. Lakin quru sərhədlərinin bağlı olması Azərbaycanı bu risklərdən qoruyur.

Azərbaycan cəmiyyəti bu riskləri indi görür, anlayır. Prezident İlham Əliyev isə hadisələri baş verməmişdən öncə görür, ölkəmizə qarşı yarana biləcək təhlükəni proqnozlaşdıraraq, önləyici addımlar atır. Quru sərhədlərinin bağlı qalması da Azərbaycan liderinin uzaqgörənliyinin daha bir nümunəsidir. Bu addım atılmasaydı bu gün nələr baş verə bilərdi?

- Müharibə qaçqınlarının axını ilə üzləşəcəkdik. İrandan Türkiyə də daxil olmaqla digər ölkələrə kütləvi axın bunu aydın şəkildə göstərir.

- Qaçqın axını özü ilə təkcə humanitar problemlər gətirmir, eyni zamanda, təhlükəsizlik problemləri də yaradır, xüsusilə kütləvi axına tam nəzarət etməyin çətinlikləri baxımından. 

Məhz sərhədlərin bağlı olması ölkəmizi bu risklərdən sığortaladı. Quru sərhədlərin bağlanması qərarının əsas səbəbi pandemiya idi. Həmin vaxt bütün dünyada karantin rejimi tətbiq olunurdu və virusun qarşısının alınmasının yeganə yolu da bu idi. Sərhədlərini bağlayan Azərbaycan pandemiyaya qarşı mübarizədə sınaqdan çıxa bilən nadir ölkələrdən oldu. 

Daha sonra bir çox ölkə iqtisadi maraqlara görə sərhədlərini sürətlə açmağa başlasa da, Azərbaycan bu addımı atmadı. Ölkədə “sərhədlər niyə açılmır” məsələsi əvvəldən ciddi müzakirə mövzularından olub və müxtəlif maraqlı qruplar bundan siyasi məqsədlər üçün də istifadə edirdi. 

Pandemiyadan sonra başlanan Rusiya-Ukrayna müharibəsi təhlükənin nə qədər aktual olduğunu təsdiqlədi. İran-İsrail müharibəsi isə bu fikri daha da gücləndirdi.

Azərbaycanın quru sərhədlərinə malik olduğu iki qonşusu – Rusiya və İran böyük müharibə vəziyyətindədir. Bu müharibələr ölkəmizin yerləşdiyi coğrafiyada təhlükəsizlik risklərini daha da artırır və milli təhlükəsizliyi ön plana çıxarır. Quru sərhədlərinin bağlı olması Rusiya-Ukrayna müharibəsinin riskləri qarşısında Azərbaycanın təhlükəsizliyini gücləndirdiyi kimi, indi İran-İsrail müharibəsinin riskləri qarşısında da gücləndirir.

Prezident İlham Əliyev ötən ilin 23 sentyabr tarixində Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunmuşdu.

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi”, - dövlət başçısı bildirmişdi.

Quru sərhədləri bağlı olan Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin səbəb ola biləcəyi fəlakətlərdən yayına bilməsi bunun bariz nümunəsidir. Bu müharibədən sonra “sərhədlər niyə açılmır” deyənlərin bir qismi real təhlükəni anladılar və gerçəkliyi görə bildilər. İran-İsrail müharibəsi isə bir daha təsdiq etdi ki, quru sərhədlərin bağlı olması təsadüfi, yaxud qapalı siyasətin nəticəsi yox, birbaşa milli təhlükəsizliyin təmin edilməsindən qaynaqlanır. 

Prezident İlham Əliyev bütün bu təhlükələri hər kəsdən daha öncə görə və proqnozlaşdıra bildiyi üçün Azərbaycan regionda təhlükəsiz ada rolunu qoruyub saxlaya bildi. Hətta müharibəyə görə İrandakı diplomatlarını və vətəndaşlarını çıxarmaq istəyən ölkələr təxliyə üçün məhz Azərbaycanı seçirlər.

Yəqin ki, “sərhədlər niyə açılmır” deyənlər bu müharibədən sonra real təhlükələri anlaya biləcək. Hərçənd, hər şeydən siyasi qazanc götürməyə çalışan qruplar, xüsusilə Əli Kərimli və ətrafının bu dəfə də nə baş verdiyini anlayacağı ehtimalı azdır. Onlar Rusiya-Ukrayna müharibəsində də sərhədlərin bağlı olmasının səbəblərini anlamamışdı, İran-İsrail müharibəsində də anlayacaqları çətin görünür. Çünki düşünə bildikləri bu qədərdir, qlobal düşünmək onlar üçün “ağır yükdür”.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top