Beş uşaq atası başqa qadınla sevgili oldu, arvadı isə... — TƏFƏRRÜAT

KRİMİNAL 17 iyun 2025, 19:16
Biləsuvar rayonunda 1979-cu il təvəllüdlü Bəhram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 17-də Biləsuvar rayonunun Günəşli kəndində baş verib. 

Kənd sakini Bəhram birgə yaşadıqları fərdi yaşayış evində arvadı Vüsalə ilə aralarında ailə-məişət münasibətlər zəminində, yəni Vüsalənin ona başqa qadınlarla münasibətdə olması barədə irad bildirdiyinə görə, yaranmış mübahisə zamanı əlləri ilə onun boğaz nahiyəsindən tutaraq sıxıb. Sonra baş nahiyəsinə yumruqla zərbə vurub. 

Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs Vüsalə onun arvadıdır və onlar artıq 27 ildir ki, evlidirlər: “Biz evləndiyimiz vaxtdan Günəşli kəndində mənə məxsus fərdi yaşayış evində yaşamağa başladıq. Birgə nikahımızdan 5 övladımız doğulub və artıq 4 övladımız yetkinlik yaşına çatıb. 2 oğlum isə artıq evlənərək ailə qurublar. Son dövrlərdə mənim arvadımla aramızda tez-tez qısqanclıq zəminində mübahisələr baş verib. Arvadım məni İran İslam Respublikasına ticarət məqsədilə aparan qadına qısqandığı üçün tez-tez münaqişələr yaradıb. Mən evi tərk etsəm də, oğullarımın xahişi ilə yaşadığım evə qayıtdım”.

Bəhram qeyd edib ki, sonuncu dəfə fevralın 17-də, saat 16 radələrində yaşadığı evin həyətində olarkən Vüsalə ondan dayısı Mübarizin mobil telefon nömrəsini istəyib: “Mən arvadından dayımın ömrəsini istəməyinin səbəbini soruşdum. O, da mənə dayım ilə danışmaq istədiyini, mənim başqa qadınlarla münasibətdə olduğuma görə artıq ər-arvad münasibətlərini davam etdirmək istəmədiyini bildirdi. Həmin vaxt arvadıma gəlinlərimin və oğullarımın yanında mənimlə belə tərzdə danışmamasını söyləsəm də, sonuncu mənimlə həmin tərzdə danışmağa davam etdi”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Vüsalə yaşadıqları evin həyətində yerləşən və hərdənbir mətbəx kimi istifadə etdikləri tikiliyə daxil olub və onun haqqında danışmağa davam edib: “Mən Vüsalənin sözlərindən qəzəbləndim və onun yaxasından tutdum, onu qüvvətli zərbə ilə döşəmənin üstünə yıxdım. Həmin vaxt evdə olan oğlum otağa daxil oldu və dərhal məni Vüsalədən ayırdı. Mən əsəbi olduğum üçün həmin vaxt özümü idarə edə bilməmişəm və arvadıma xəsarət yetirmişəm. Bundan sonra sakitləşmişəm və etdiyim əməldən peşman olmuşam. Lakin Vüsalə məni bağışlamadı, Biləsuvar Rayon Polis Şöbəsinə barəmdə şikayət etdi”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, 2-ci dərəcəli əlil olduğunu bildirib. O, barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, Bəhramla 1999-cu ildə el adətinə uyğun olaraq toy edərək evlənib, sonradan isə faktiki nikahlarını rəsmiləşdiriblər: “Birgə nikahımızdan 5 uşağım anadan olub. Mənimlə Bəhram arasında tez-tez məişət zəminində münaqişələr baş verib. Ərim şəxs başqa qadınlarla münasibətdə olaraq, mənə dəfələrlə xəyanət edib və ən cüzi problemdə belə mənə qarşı fiziki, psixoloji təzyiqlər edib”.

Vüsalə qeyd edib ki, fevralın 17-də, saat 16 radələrində Bəhramın yanına gedib və ona artıq başqa qadınlarla münasibətdə olduğu üçün ər-arvad münasibətlərini davam etdirmək istəmədiyini bildirib, dayısı Mübarizin mobil telefon nömrəsini ona verməsini xahiş edib: “Həmin vaxt Bəhram məndən dayısının nömrəsini niyə istədiyimi soruşdu. Mən ona dayısı Mübarizlə onun barəsində danışacağımı dedim. Lakin Bəhram dayısının nömrəsini vermədi, mənim yaxamdan yapışdı və məni qüvvətli zərbə ilə döşəmənin üstünə çırpdı. Daha sonra isə üstümdə oturdu və əlləri ilə boğaz nahiyəmdən tutaraq, məni boğmağa başladı. Eyni zamanda Bəhram sifət və baş nahiyələrimə yumruqla bir neçə dəfə zərbələr vurdu. Həmin vaxt oğlum səsimi eşidərək, otağa daxil oldu və dərhal Bəhramı məndən ayırdı. Ərimin mənə vurduğu zərbələrin təsirindən özümdə olmamışam. Oğluma dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etməsini tapşırdım. Daha sonra isə Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhramın barəsində qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəza təyin edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top