Müharibə bitsə də, ordunun gücləndirilməsi siyasəti dəyişməz qalacaq

GÜNDƏM 13 apr 2022, 17:17
Hamımızın qürur, fəxr, güvən ünvanı olan Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı 44 günə azad etməklə hansı imkanlara malik olmasını bütün dünyaya sübut edib. 

Hazırda Azərbaycan Ordusu elə bir zirvədədir ki, onun gücünə, peşəkarlığına heç kim şübhə ilə yanaşmır. Yeni müasir silah, texnika, avadanlıqla təmin olunmuş, infrastrukturu yenilənmiş, döyüş qabiliyyətini daim artıran, sosial bazası gücləndirilən, peşəkarların cəmləşdiyi Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə dünyanın nüfuzlu hərbi məktəblərində öyrənilməkdədir.

Reallıq ondan ibarətdir ki, Azərbaycan düşməni məğlub etsə də, bu gün hələ də ölkəmiz hərbi situasiyanın içərisindədir. Ermənilərin sərhəddə ara-sıra pozduğu atəşkəsə Azərbaycan tərəfindən sarsıdıcı cavab reaksiyası, eyni zamanda, yeni-yeni nailiyyətlər var və bu, Qalib Ordunun gücünün daha bir əyani göstəricisidir.

Mövcud vəziyyət hərbi büdcəni stabil saxlamamağı, ordunu daha da gücləndirməyi tələb edir. Bu səbəbdəndir ki, hazırda Azərbaycan hakimiyyəti ordu ilə bağlı planlarını bir an olsun təxirə salmadan həyata keçirməkdədir. 

Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə ordu quruculuğu ilə bağlı həyata keçirilən işləri ayrıca vurğuladı: “Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq”. 

Hərbi sahə Qarabağda həyata keçirilən böyük quruculuq işləri, ölkədə aparılan işlər fonunda diqqətdən kənarda qalmayıb və silahlı qüvvələrin daha da güclənməsi üçün bir sıra addımlar atılıb:

- müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalanıb və bəzi kontraktların icrası başlanıb;
- yeni silahların, texnikaların alınması təşkil edilir;

- postmüharibə dövründə Müdafiə Nazirliyində struktur islahatları aparılıb, struktur dəyişikliyi edilib və bunlar  ordumuzu daha da gücləndirməyə, müasirləşdirməyə xidmət edir;

- müharibədən sonra yeni qoşun növü - Komando növü yaradılıb və Hadrutda birinci Komando hərbi bazasının açılışında Ali Baş Komandan İlham Əliyev iştirak edib;

- komandoların sayını ildən-ilə artırmaq üçün işlər aparılmaqdadır;

- paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılır.

Ali Baş Komandan, Prezident İlham Əliyev müşavirədə hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacağını bildirdi.  Bu o deməkdir ki, Azərbaycan Ordusunun daha da gücləndirilməsi əsas hədəflər sırasındadır.

Hazırda düşməndən azad edilən torpaqlarımızı əzmlə, böyük ruh yüksəkliyi ilə qoruyan Azərbaycan Ordusunun daha da güclənməsi məqsədilə bütün işlər görülməkdədir. Bu sırada, həmçinin peşəkar hərbi kadrların hazırlanması, ordunun beynəlxalq standartlara uyğunlaşdırılması, sosial təminatının daha da gücləndirilməsi işlərini da qeyd etmək mümkündür. 

Müharibənin Azərbaycanın xeyrinə bitməsində öz sözünü deyən Ordumuzun  postmüharibə dövründə gerçəkləşdirilən işlər nəticəsində güclənməsi üçün ortada siyasi iradə və yetərli iqtisadi güc var.

Elman Babayev 
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top