Politoloq: “Separatçı-terrorçu rejimin Qarabağda mövcudluğu qeyri-qanunidir”

GÜNDƏM 11 apr 2022, 18:41
Aprelin 10-da Rusiyanın Qarabağdakı "sülhməramlı" adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim Azərbaycan Respublikasının 6 məntəqəsində qanunsuz seçki keçirib. Məlumata görə, Xocavənd rayonunun “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, həmin rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, “Norşen” –Günəşli və Sos kəndlərində, həmçinin Tərtər rayonunun “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə "səs" verilib. Qeyd olunub ki, seçicilərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib.

Məsələyə münasibət bildirən politoloq Əlimusa İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, separatçı-terrorçu rejimin özünün Qarabağda mövcudluğu belə qeyri-qanunidir. Politoloq qeyd edib ki, onlar nəhayət almalıdırlar ki, bura Azərbaycan ərazisidir:

“Onlar Azərbaycanla heç bir əlaqə saxlamamağa çalışırlar. Bütün əlaqələrini Ermənistan və Rusiya ilə görürlər. Düzdür, Azərbaycan onlara hələ ciddi təsir etmir. Çünki Azərbaycanın onları yerində otuzdurmağı yeni bir müharibəyə gətirib çıxardacaq. İndiki halda Azərbaycan tərəfi birdən-birə Azərbaycanın dövlət idarəsinə tabe olmayan bu insanları birdəfəlik oradan süpürüb atmaq istəmir. Sadəcə bütün bu işləri addım-addım və yavaş-yavaş edir. Təbii ki, yaxın gələcəkdə bütün bunları öz yerində otuzduracağıq. Sadəcə olaraq, bu işləri mərhələ-mərhələ görmək lazımdır”.

Politoloqun sözlərinə görə, siyasi cəhətdən də bu məsələlər razılaşdırılmalıdır:

“Siyasi cəhətdən həm Rusiya, həm də Avropa tərəfi bu məsələnin həqiqiliyini bilməlidir. Bundan sonra Azərbaycan onlara qarşı ciddi addım atmalıdır ki, Azərbaycana qarşı digər dövlətlər tərəfindən heç bir təhdid görülməsin. Hazırda Azərbaycan Respublikasının prezidenti, dövlət qurumları bu istiqamətdə ciddi addım atırlar və biz bunun həm Avropada, həm də Rusiyada nəticəsini görürük. Yəni, bu gün Azərbaycanın atdığı addımlar doğrudur. Hesab edirəm ki, nə qədər ki, erməni separatçıları Qarabağda mövcuddurlar, belə qeyri-qanuni əməllərə də əl atacaqlar. Bundan isə təəccüblənmək lazım deyil. Çünki Rusiya sülhməramlı qüvvələrinin təsiri altında olan zonalara Azərbaycan tam nəzarət edə bilmir. Bunu ya “Rusiya imkan vermir”, ya da ki, “Azərbaycan özü hələ ciddi şəkildə dözür” kimi adlandıra bilərik. Əminəm ki, tezliklə Azərbaycan tərəfi ciddi şəkildə həmin rejimə qarşı sərt şəkildə addım atacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top