Sumqayıtda övladlarına əsəbləşən kişi arvadına xəsarət yetirdi — Şok olay

KRİMİNAL 08 aprel 2022, 12:30
Sumqayıt şəhərində 1955-ci il təvəllüdlü Azad şəxsi münasibətlər zəminində arvadı Firəngizə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 8-də Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində baş verib. 

Azad evində həyat yoldaşı Firəngizin Rusiya Federsiyasında yaşayan oğlu Ruslanla mobil telefonda səmimi danışığını eşidib, övladının onun əhvalını soruşmamasına görə həyat yoldaşına gileylənib. 

Bu zaman aralarında bu zəmində mübahisə yaranıb. Həmin mübahisə zamanı Azad Firəngizin üz və bədən nahiyyəsinə yumruqla qəsdən bir neçə zərbə vurub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində ailəsilə birlikdə yaşayır: “Yaşayış yerim Sumqayıt şəhərinin inzibati ərazisi olsa da, müəyyən yerlərdə Abşeron rayonun ərazisi ilə kəsişir. Firəngiz ilə 1978-ci ildə ailə həyatı qurmuşam. Bu evlilikdən 3 övladımız olub. Övladlarımızın 3-də ailə həyatı qurub, özləri ayırılıqda yaşayırlar. Öz evimizdə isə arvadım ilə yaşayıram. Arvadım ilə əvvələr münasibətim normal olub. Arvadım yanımda Rusiya Federasiyasında yaşayan oğlum Ruslanla son zamanlar “vatsap” ani mübadiləşmə sistemi vasitəsi ilə danışırdılar. Oğlum da yoldaşımla danışan zaman adımı çəkməyib, heç salam da göndərməyib. Oğlumun da anası ilə telefonda danışan zaman soruşmaması halı xətrimə dəydi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə noyabrın 8-də, saat 21 radələrində arvadı ilə evdə tək olan zaman yoldaşı Ruslanla telefonda danışmağa başlayıb: “Yenə oğlum barəmdə maraqlanmadı. Yoldaşım danışandan sonra nə üçün oğlum Ruslanın mənimlə maraqlanmadığının səbəbini soruşdum. Arvadımı danladım, nə üçün oğlumun bu cür hərəkət etməsinin səbəbini soruşdum. Bu zəmində mübahisəmiz başladı. Bu zaman əsəbləşdim, Firəngizin sinə nahiyyəsindən əllərim ilə itələdim. Lakin xəsarət yetirmədim. Bundan sonra biz sakitləşdik. Firəngiz də mətbəxə keçdi və sonra yatdım”. 

Azad bildirib ki, sabahı günü oğlu Faiq gəlib və anasını aparıb. Deyib ki, zərərçəkmiş şəxslə barışmaq istəsə də, sonuncu onunla barışmayıb. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Firəngiz bildirib ki, əri Azad spritli içki aludəçisidir: “Azad daima spirtli içki içərək evdə dava-dalaş yaradıb. Hazırda heç bir övladım da onu istəmir. Sonuncu dəfə hadisə günü Azadla evdə tək idik. Azad pensiyasını aldığına görə evdə Zəfər bayramını qeyd etmək adı ilə spirtli içki alaraq qəbul etdi. Mən də Rusiya Federasiyasında yaşayan oğlum Ruslanla telefonda danışdım. Bu zaman oğlum Ruslanla səmimi danışığımızı eşidən Azad telefonla danışandan sonra uşaqların atası ilə niyə maraqlanmamasının səbəbini məndən soruşdu. Bu barədə cavab vermədim. Azad mənimlə mübahisə etməyə başladı. Sonra Azad qəfildən üzərimə hücum çəkdi, üz nahiyyəmə 4 dəfə yumruqla zərbə endidi. Saçımdan tutaraq yerə yıxdı. Nəticədə dizim üstə yerə yıxıldım. Bundan sonra Azad yerdə qarın nahiyyəmə də təpiklə zərbə endirdi. Zərbənin təsirindən damağım kəsildi. Bir təhər özümə gəldim, yan otağa keçdim. Bu barədə oğluma məlumat vermək istəsəm də, Azad buna imkan yaratmadı. Mən də öz otağıma keçdim, gecəni orada qaldım. Sabahı gün oğlum Faiq yaşadığım evə gəldi. Faiq üzümdə xəsarətlər olduğunu gördü, nə baş verdiyini soruşdu. Ona atasının məni döyməsini bildirdim. Bu zaman oğlum əşylarımı yığdı, məni bacım Sevilin yaşadığı evə gətirdi. Orada bacıma Azadın məni döydüyünü dedim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Azad 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top