“Mediaya istənilən təzyiq Azərbaycanın adına mənfi rəy yaradır” — Baş redaktor Həsənquliyevin şərikini QINADI

MEDİA 08 apr 2022, 11:00
Xəbər verdiyimiz kimi, deputat Qüdrət Həsənquliyevin biznes şəriki olan salyanlı iş adamı Oqtay Abuzərov “Demokrat.az” saytını yenidən məhkəməyə  verib. İş hazırda Bakının Nərimanov Rayon Məhkəməsinin icraatındadır. 

Sözügedən iş adamı cari ilin fevral ayında da saytımızın Baş redaktoru Vasif Həsənliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Həmin iddia ərizəsində iş adamı Baş redaktorun həbsini tələb edirdi. Məhkəmə iddianın  baxışa təyin edilməməsilə bağlı qərar çıxardı. İstəyinə nail ola bilməyən Oqtay Abuzərov indi də saytımıza qarşı mülki iddia qaldıraraq, 50 min manat dəyərində  maddi təzminat tələb edir. 

Bununla yanaşı, iş adamı bütün şəxsi əlaqələrini də işə salaraq Demokrat.az-a qarşı total hücuma keçib. 

Mediaya qarşı olan bu basqıya ölkənin bir çox tanınmış siyasətçiləri, millət vəkilləri, ictimai xadimləri və jurnalistləri kəskin etirazlarını bildiriblər. 



Tanınmış telejurnalist, “Vision TV”-nin baş redaktoru Şöhrət Eldəniz də Qüdrət Həsənquliyev və onun şərikinin bu addımını pisləyib. 

Baş redaktor deyib ki, media nümayəndələri ilə problemləri danışıqlar yolu ilə həll etmək lazımdır:

“Hətta, ortada yalnışlıq varsa belə, yenə də məsələni təzyiq həddinə çıxartmaq düzgün deyil. Mediaya olan istənilən problem, təzyiq nəticə etibarı ilə beynəlxalq müstəvidə Azərbaycanın adına mənfi rəy yaradır. İndiki qarışıq bir dövürdə bizə təzyiq üçün bəhanə axtaran heç bir beynəlxalq təşkilatlara bu müstəvidə imkan tanımamalıyıq. Ona görə “Demokrat.az” saytı ilə iş adamı arasında yaranan problem mənim fikrimcə qarşılıqlı anlaşma ilə başa çatmalıdır. Bu işdə Mətbuat Şurasının mövqeyini müsbət və doğru hesab edirəm. O cümlədən mediaya olan hər hansı bir təzyiqə qarşıyam və jurnalist həmrəyliyi nümayiş etdirirəm”.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top