Sahil Babayev saziş imzaladı: Pensiya hüquqları üçün önəm kəsb edəcək — FOTO

SOSİAL 07 apr 2022, 21:39

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” imzalanıb.

Demokrat.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Sazişi Azərbaycan Respublikası Hökuməti adından əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və Serbiya Respublikası Hökuməti adından Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç  imzalayıblar.

Videokonfrans formatında keçirilən imzalanma mərasimində S.Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatları qeyd edib. Sosial təminat sisteminin gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar aparıldığını bildirib.

S.Babayev iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. O, xanım D.K.Tepavçeviçin ötən ilin iyul ayında Azərbaycana səfəri çərçivəsində nazirliklər arasında imzalanmış “Əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında  əhəmiyyətini diqqətə çatdırıb.

Yeni imzalanmış Sazişin də əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.

İmzalanan Saziş iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması baxımından mühüm önəm kəsb edir. Sənəd Azərbaycan və Serbiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir.

Saziş həmin istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli orqanları arasında əməkdaşlığın müvafiq hüquqi çərçivədə həyata keçirilməsinə şərait yaradır.

 




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top