Siyasi masada Azərbaycanın xeyrinə olan məsələlər xaricdəki bədxahları yenidən fəallaşdırıb

GÜNDƏM 07 apr 2022, 13:29
Dünən Brüsseldə Azərbaycan, bütövlükdə region üçün taleyüklü və tarixi məsələnin müzakirəsi zamanı olduqca utancverici mənzərənin şahidi olduq. 

Xaricdə “siyasi mühacir” adı altında yaşayan və Azərbaycan dövlətinin, xalqının maraqları əleyhinə fəaliyyət göstərənlər növbəti rəzilliyə imza atdı. Görüşün keçirildiyi ərazinin kənarında dayanıb, canlı yayım açaraq ağlına və ağzına gələni danışıb, tərbiyəsiz ifadələr işlətmək bu şəxslərin təkcə hansı mənəviyyatın daşıyıcısı olduğunu göstərmədi. Bu, həm də öz ölkəsinə qarşı dünyada bəlkə də nadir hallarda rast gəlinən açıq xəyanətdir. 

Kimsə başqa bir siyasi qüvvəni qəbul etməyib müxalifətdə dayana, hansısa formada mübarizə apara bilər. Amma aparılan mübarizə bütün siyasi və əxlaq normalarını aşıb öz dövlətinə qarşı fəaliyyət mərhələsinə keçirsə, bu, rəzillik və xəyanətdir. Bu, Azərbaycana xain gözlə baxan düşmənlə eyni cərgədə yer almaqdır.  

Brüsseldəki səviyyəsiz çığır-bağır görüş öncəsi əslində Paşinyanın Yerevanda təşkil etdiyi mitinqlə eyni amala xidmət edir: Azərbaycana müqavimət göstərmək və ölkəmizi gözdən salmaq cəhdi. 

Bu qüvvələrin özbaşına olmamasını, müəyyən bir mərkəzdən, planlaşdırılmış siyasi xətdən çıxış etməsini vurğulamaq mümkündür. Nə vaxt Azərbaycan üçün taleyüklü məsələ masada olursa, erməni diasporu və ona bağlı dairələrin ortaya düşməsi yeni fakt deyil. 

Xaricdə “siyasi mühacir” adı altında yaşayan bu şəxslərin də bütün davranışları məhz düşmənin maraqları ilə uyğunluq daşıyır. Azərbaycanın uğurlarına sevinən, onun mənafeyini güdən, qanında bu millətin qanını daşıyan hər bir fərd bunu açıq şəkildə dərk edir. 

Post müharibə dövründə daha da güclənən, öz tarixi qələbəsini dünyaya qəbul etdirən Azərbaycanın indiki durumundan ancaq və ancaq bu millətə düşmən olanlar sevinməyə, narahatçılıq keçirə bilər.

Azərbaycanın gələcəyi, taleyi ilə bağlı məsələnin müzakirəsinin təşkil olunduğu bir görüşü gözdən salmağa xidmət edən bu addımın hədəfinə çatacağı, gündəmi dəyişəcəyi mümkün deyildi. Yeganə nəticə isə o oldu ki, cəmiyyət bu adamların hansı tərbiyənin daşıyıcıları olduqlarını, iç üzlərini yenidən gördülər.

Elman Babayev 
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top