Arzu Nağıyev: “Brüssel görüşü Azərbaycanın maraqlarına tam cavab verir”

GÜNDƏM 07 apr 2022, 11:58
“Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüş Azərbaycan diplomatiyasının və dövlət başçısının xarici siyasətinin uğuru kimi dəyərləndirilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, görüşdən öncə Azərbaycan və Ermənistanın hansı təkliflərlə görüşə getməsi və hansı qərarların qəbul edilməsi önəmli bir məsələ idi: 

“Bildiyimiz kimi, Azərbaycan tərəfi Ermənistana 5 maddədən ibarət təkliflər irəli sürmüşdü. Ermənistan tərəfi isə görüşdən öncə verilən açıqlamalarda qondarma qurumla bağlı bir sıra iddialar səsləndirmişdi. Lakin görüşdə nə status, nə də ki, separatçı qurumla bağlı mövzuya toxunulmadı. Bu da ən vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, görüşün nəticəsi kimi delimitasiya və demarkasiya məsələsini qeyd etmək olar: “Görüşdə qeyd olundu ki, bu il aprel ayının sonunadək Birgə Sərhəd Komissiyası formalaşacaq və o, öz işinə başlayacaq. Digər məsələ isə kommunikasiyaların, əsasən də avtomobil və dəmir yollarının açılması ilə bağlı idi. Bu da çox mühüm əhəmiyyət kəsb edir. Çünki burada artıq tək iki dövlət deyil, beynəlxalq qurumların və dövlətlərin də öz özəl maraqları var. Hesab edirəm ki, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü Azərbaycanın maraqlarına tam cavab verir. Bu görüş regionda gərginliyin azalması üçün mühüm əhəmiyyət kəsb edir və sülh müqaviləsinin imzalanmasına ciddi zəmin yaratmaqla, hərtərəfli inkişaf üçün vacib bir məsələdir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top