Kreml Buça qətliamını azərbaycanlıların üstünə atmaq istəyir — ŞOK PLAN

GÜNDƏM 05 apr 2022, 15:05
"Azərbaycan ad-soyadına uyğun gələn şəxslərin adını tirajlayaraq, qaniçən, işğalçı Rusiya hakimiyyəti və ordusu özünü ikinci plana ataraq, həmin cinayətlərin birbaşa məsul şəxsləri bu siyahıda olan "azərbaycanlılar"mış kimi təqdim edir".

Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib. 

Xatırladaq ki, Kiyev vilayətinin Buça şəhərində qətliam törətmiş Rusiya ordusunun 64-cü motoatıcı briqadası hərbçilərinin siyahısı yayılıb. Siyahıda soyadı Azərbaycan ad-soyadına uyğun gələn şəxslər də var.

Ə. Əhmədoğlu həmin şəxslərin adlarının tirajlanmasına etiraz edib:

“Ukraynanı 42 gündür qan gölünə çevirən Rusiya ordusunun Buçada sivil insanlara qarşı qətliamı eyni ilə 20 Yanvarda Bakıda, 26 Fevral Xocalıda olduğu kimi böyük vəhşilikdir. Bu siyasətin arxasında olanlar hüquq qarşısında cavabdeh olması öz yerində, mən bir az fərqli məsələyə diqqət çəkmək istəyirəm. Ukraynada, Kiyev ətrafında, Buçada törədilən vəhşilikdən sonra orada olan rus birliklərinin siyahısı ortaya çıxıb, bizim KİV və sosial media seqmenti həmin siyahıda ad-soyadı Azərbaycana uyğun gələn şəxslərin adını tirajlayır. Qaniçən, işğalçı Rusiya hakimiyyəti və ordusu özünü ikinci plana ataraq, həmin cinayətlərə birbaşa məsul şəxs "azərbaycanlılar"mış kimi təqdim edir. Bu, səhvdir.

Rusiyada yaşayan və hərbi mükəlləfiyyəti olan hər kəs xidmətə çağırılır və harada xidmət edəcəyini heç kim özü müəyyən etmir. Yəni işğalçı ordunun tərkibi Rusiya Federasiyasının əhali tərkibinə uyğun olaraq fərqli etnik mənsubiyyəti olanlardan formalaşıb. Bu fərqlilikdən aslı olmayaraq, Rusiya siyasəti işğalçı, işğalçı ordu isə Rusiya ordusudur”.

Ə. Əhmədoğlu qeyd edib ki, Buça qətliamına görə birbaşa Rusiyanın siyasətini formalaşdıranlar məsuliyyət daşıyır:

“Buça qətliamının cavabdehi Rusiyanın rəsmi siyasətini formalaşdıranlar və onu can-başla icra edənlərdir. Orduda xidmət edən 3-5 nəfəri qabartmaq, hadisənin gerçək üzünü başqa yönə çevirmək, gerçəkləri örtmək olardı...



Tarix hər zaman irəliyə baxmaq və getmək üçün önəmli mənbədir. 20 Yanvar 1990-da işğalçı rus-sovet ordusu Bakıda qətliam törətdikdən sonra 19 aylıq hərbi vəziyyət-komendant saatı tətbiq etdi. İlk 4 ay istisna olmaqla, qalan 15 ay həmin ordunun Bakı Komendantı Azərbaycanın önəmli şəxsiyyətlərindən biri, 20 yanvar qətliamına səsini ilk ucaldanlardan olan Ziya Bünyadovun oğlu Valeri Bünyadov gətirildi. V. Bünyadov atasının da uğrunda mübarizə apardığı müstəqilliyin qarşısını almaq və rus işğalını davam etdirməyə xidmət üçün bu vəzifəni seçmişdi...

Onun komendant olduğu dövrdə QKÇP kimi tarixdə xatırlanan çevriliş cəhdindən sonra 23 avqust 1991-ci ildə xalq hərəkatının liderlərini ölümünə şil-küt edilməsinin canlı şahidlərindən olduğum üçün deyə bilərəm ki, fərdlərin hansı etnik kimlikdən gəlməsinin heç bir önəmi yoxdur. Hədəf sistemin özü olmalı, işğalçı sistemin çökdürülməsinə yönəlməli, bu siyasəti həyata keçirənlər isə cavab verməlidir.

Yenə tarixdən dərs çıxarmaq üçün bir paralel aparım. Buça qətliamının, Ukrayna işğalının memarı Putin olduğu kimi, 20 yanvar qətlimının, Bakının işğalının memarı da Qorbaçov idi. Unutmayaq, biz Qorbaçovun dünya tərəfindən cəzalandırılacağını, "hərbi tribunullara" çıxarılacağını gözlərkən məhz 1990-cı ildə ona Nobel sülh mükafatı təqdim edildi. Yəni dünya çox da mərhəmətli yer deyil. Bir də gördüz Ukraynada yaşanan vəhşiliklərin, insanlıq dramının suçunu 5-10 azərbaycanlı, 10-15 çeçen və s. üzərinə atıb, yekunda Putinə də Nobel mükafatı verdilər. Heç olmasa sizlər alət olmayın. Əsl hədəfi şaşırtmayın”.(yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top