Eldar İsmayılovla bağlı kəskin bəyanat — Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!

GÜNDƏM 04 apr 2022, 23:09

Gələcək Azərbaycan Partiyası medianın müdafiəsi ilə bağlı bəyanat yayıb.

Demokrat.az-a daxil olan bəyanatda deyilir:

“Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun ölkənin bir sıra nüfuzlu media orqanlarını – Pravda.az,  Azsiyaset.com və Baku.ws xəbər portallarını məhkəməyə verməsi azad sözün susdurulmasına xidmət edir və bu kimi hallar yolverilməzdir!

Eldar İsmayılovun özünün də jurnalist olduğunu nəzərə alsaq, atdığı bu ağlasığmaz addım, ümumiyyətlə, anlaşılmır.

İnformasiya müharibəsi getdiyi bir dövrdə, media kapitanlarımızın informasiya cəbhəsində düşmən təxribatına qarşı savaşdığı bir zamanda bu addım kimə xidmət edə bilər? Təbii ki, yalnız və yalnız dövlətimizin düşmənlərinə!

Görünən budur ki, kimlərsə, hansısa məmurlar ölkədə media azadlığının olmamasına, söz azadlığının boğulmasına dair süni rəy yaratmağa çalışır. Heç şübhəsiz, bu şəxslərə dəstək verənlər yalnız və yalnız Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün təsir dairəsində hələ də qalmışlardır. Gələcək Azərbaycan Partiyası olaraq bəyan edirik: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!

Heç kimə sirr deyil ki, Eldar İsmayılov adlı bu şəxs məhz Mehdiyev-Həsənov cütlüyünün himayəsi altında Respublika Prokurorluğunun yaxınlığında ərazini zəbt edərək qanunsuz tikinti aparmış, hazırda da həmin qanunsuz tikililərdən mənfəət götürməyi bacarmış və bu qanunsuzluqlarına rəğmən himayədarlarından güc alaraq hamını susdurmağı bacarmış şəxsdir…

Gələcək Azərbaycan Partiyası olaraq hesab edirik ki, bütün bu qanunsuzluqlara “dur” deməyin zamanı çoxdan çatıb. Heç kim unutmamalıdır ki, hər kəs qanun qarşısında bərabərdir! Atalar deyib, od olmayan yerdən tüstü çıxmaz. Yəqin, Eldar İsmayılovla bağlı hansısa şübhəli məqam olub ki, jurnalistlərin diqqətini çəkib. Razılaşmadığı məqam var idisə, cavab haqqını tələb edə bilərdi. Hətta bəlkə də informasiya hazırlanarkən E.İsmayılova müraciət ünvanlanıb, cavabsız qoyub. Hesab edirik ki, məhkəmə məsələni obyektiv araşdıraraq, mediaya, azad sözə qarşı bu əsassız iddianı rədd edəcəkdir…”

Qeyd: Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov xəbər saytlarını məhkəmə verib. “Pravda.az”, “Azsiyaset.com” və “Baku.WS” xəbər portal ilə bağlı Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. Eldar İsmayılov iddia edir ki, xəbər saytlarında onun haqqında dərc edilən “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlıqlı yazı şərəf və ləyaqətinə toxunub. O, jurnalistlər barəsində Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri üzrə tədbir görülməsini istəyir. Həmin maddələr üzrə: 147.2-ci maddə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddə üzrə: Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İş hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 7-nə təyin edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top