34 yaşlı kişidən evdən gedən arvadına qarşı dəhşətli əməl — Təfərrüat

GÜNDƏM 01 apr 2022, 13:03
Abşeron rayonunda 1988-ci il təvəllüdlü Arif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı arvadı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə  Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Arif yaşadığı evdə Könülün ondan icazəsiz bacısının yas mərasiminə getdiyinə görə mübahisə edib. 

Mübahisə zamanı Arif arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Könül onun nigahsız arvadıdır: “Biz Saray qəsəbəsində yaşayırıq və həmin həyətdə mənim anam da yaşayır. Təxminən 1 aydan çox müddətdə Könül yaşadığımız evdən çıxaraq atası evinə getmişdi. Bir müddət sonra Könülü valideynlərinin evindən öz evimə gətirdim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, gecə yarısı yaşadığı evdə olan zaman spirtli içki qəbul edib: “Sonra Könülə nəyə görə vəfat edən bacısı Lətifənin evinə getdiyini soruşdum. Könül isə qara bayramla əlaqədar bacısının evinə getdiyini dedi. Bundan sonra Könüldən Lətifənin evinə neçə dəfə getdiyini soruşdum. Bu zaman Könül ilkin olaraq bir dəfə desə də, daha sonra iki dəfə getdiyini etiraf etdi. Daha sonra aramızda mübahisə yarandı. Mübahisə vaxtı Könülün sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Könül bir həyətdə yaşadıqları ana evinə qaçıb: “Mən də Könülün arxasınca getdim. Həmin vaxt qardaşım Bəhram qarşısımı kəsdi və nə baş verdiyini soruşdu. Bu vaxt qardaşıma işi ilə məşğul olmasını xahiş etdim. Qardaşımdan sonra anam qarşısımı kəsdi və dava-dalaş etməməyimi xahiş etdi. Anamın xahişini eşidərək arvadımı döyməkdən vaz keçdim. Həmin günün səhəri mənə məlum oldu ki, Könül barəmdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edib”. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmə hökm qəbul edən zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Arifin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top