Hacı Zeynalabdin Tağıyevin bağ evinin açarı kimdədir? — ÖZƏL MÜSAHİBƏ

GÜNDƏM 31 mar 2022, 15:52
Mərdəkanda yerləşən, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş tikili 1893-1895-ci illərdə Yuzef Qoslavski tərəfindən inşa edilib. İki mərtəbədən, 14 otaqdan ibarətdir. Vətən müharibəsi illərində bu həyətdə təxliyə hospitalı yerləşdirilib. Binada restavrasiya işi əvvəlki dizaynı saxlamaqla aparılıb.

Kasıb başmaqçı ailəsində böyüyən boya-başa çatan, sonra adını milyonçular siyahısına yazdırmağı bacaran Hacı Zeynalabdin Tağıyev 1885-ci ildən 1924-cü ilə qədər bu binada yaşayıb, elə bu binada da vəfat edib. 

Demokrat.az saytı olaraq, Hacı Zeynalabdin Tağıyevin nəvəsi Rəsmi Abdullayevin həyat yoldaşı Səidə Mirizadəni tapmağa müvəffəq olduq. O bağ evindən qalan albomu eksklüziv olaraq bizə təqdim etdi, yaddaşında qalan xatirələrini bölüşdü. 

“Onlar vaxtının çoxunu bağda keçirirdilər. Çox qonaq gəlirdilər. Sürəyya xanım, yəni mənim qaynanam-Hacı Zeynalabdin Tağıyevin kiçik qızı bağı çox sevirdi. Onlar bağda həmişə çoxlu meyvə qurudurdular. Qaynanam deyirdi ki, həmişə meyvə qurudulan otaqda gizlincə yeyirdim o meyvə qurularından. Kitab  da oxuyurdum. Qaynanam doqquz yaşındakı xatirələrindən söhbət edirdi. Deyirdi ki, at çapmağı çox istəyirmiş, lakin kiçik olduğuna görə ona icazə vermirlərmiş. Sonralar razı olublar. 20-ci ildən sonra, Hacının şəhər evini ondan aldıqdan sonra, bütün mülklərini ondan aldıqdan sonra, onlar bağda yaşamağa başladılar. 1924-cü il 15 iyun tarixinə aid bir fotoşəkil var bizdə. Həmin tarixdən bir ay yarım sonra Hacı rəhmətə gedir.”

Səidə xanım deyir ki, bağda həmçinin işçilərin övladları üçün məktəb də fəaliyyət göstərib. Bəs görəsən, indi bu binanın fəaliyyət istiqaməti nə üzrə olacaq? Bu suala cavab axtarsaq da, tapmadıq. Binanın nə kimi fəaliyyət göstərəcəyi hələki bəlli deyil. Heç açarının da kimdə olması məlum deyil. Təəssüf ki.. Xatirələrlə dopdolu ev, indi dərin sükuta qərq olub. Qapısı bağlı, səssiz-səmirsiz.. İllərin tozunda itib batmış şən ailə xatirələri ilə bərabər, bir zamanlar günəşli yay günlərinə qucaq açmış evin açarı da gözdən, könüldən uzağa düşüb. Ümid edirik ki, qapısından içərisini görmək qismət olanda, divarlarına hopdurduğu xatirələri də yazıb sizə təqdim edəcəyik.. 



Gülçin Qorxmaz
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top