Deputat: “Bütün bunlar ermənilərin məqsədyönlü şəkildə törətdikləri soyqırım siyasətidir” (ÖZƏL)

GÜNDƏM 30 mar 2022, 16:44
“İndiyədək işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti, quruculuq işləri vaxtı, yaxud da hərbiçilərimiz müvafiq tədbirlər keçirən zaman Qarabağda çoxsaylı məzarlar aşkar olunub. Yəni, buna biz kütləvi məzarlar da deyə bilərik. Təbii ki, bütün bunlar Azərbaycan xalqına qarşı ermənilərin məqsədyönlü şəkildə törətdikləri soyqırım siyasətidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

“Məlum məsələdir ki, Birinci Qarabağ müharibəsi vaxtı bizim itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi barədə dəqiq məlumat yoxdur. Ermənistan tərəfi konkret olaraq vətəndaşlarımız barədə məlumat vermir. Lakin Ermənistan həm Avropa İttifaqı, həm Azərbaycan hakimiyyəti qarşısında mütləq şəkildə bu kütləvi məzarlıqlar haqqında məlumat verəcəklərinə söz veriblər. Son vaxtlar istər Kəlbəcər, Xocavənd istiqamətində, istərsə də Fərrux kəndi ərazisində və digər ərazilərdə belə kütləvi məzarlıqlar aşkar olunur. Bu, bir daha sübut edir ki, ermənilər Azərbaycan xalqına qarşı necə qətliamlar törədiblər və bütün bu faktlar onların hansı cinayətləri törətdikləri göz önünə gətirir”. 
 
Millət vəkili əlavə edib ki, əsas məsələ də ondan ibarətdir ki, məhz onlar bu gün kütləvi məzarlıqları gizlətməklə, gələcəkdə üzərində qurulacaq məhkəmələrdən çəkinirlər: “Lakin bütün bunlara baxmayaraq, həmin tapılmış cəsədlərlə bağlı mütləq şəkildə DNT testləri aparılacaq. Bu işdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işi təqdirəlayiqdir. Onu da qeyd edim ki, bu gün bir sıra bələdçilərimiz var ki, məhz onlar həmin ərazilərdə vuruşublar, yaxud da həmin hadisələri yaşayıblar. Həmin şəxslər o yerləri  göstərməklə, bu cür kütləvi məzarlıqlar aşkar olunur. Yəni, erməni cinayətlərini ifşa etmək, onların icraçılarını ifşa etmək üçün bu gün dövlətimiz tərəfindən böyük bir işlər aparılır. Bu istiqamətdə də nəticələr həm Avropa İttifaqına, həm də beynəlxalq məhkəmələrə təqdim olunacaq. Və Ermənistan tərəfi mütləq şəkildə buna cavab verməlidir. Bu, eyni zamanda ailəsində itkin olmuş, əsir və girovlarla bağlı taleyi hələ də məlum olmayan vətəndaşlarımız üçün bir sakitçilikdir. Mütləq şəkildə onların yenidən adət-ənənələrimizə uyğun dəfni məsələsi də öz həllini tapacaq. Düşünürəm ki, bu istiqamətdə ciddi işlər aparılır. Bütün bunları erməni soyqırımın tərkib hissəsi kimi dəyərləndirmək mümkündür”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top