Rusiya KİV-lərinə veriləcək bir cavab qalır — onların yayımını bloklamaq!

GÜNDƏM 29 mar 2022, 12:37
Azərbaycan dövləti, xalqı əleyhinə təhdid, şər-böhtan yağdıran, heç bir əndazəyə sığmayan, qərəzli mövqe tutan bir sıra Rusiya KİV-lərinin bloklanmasının zamanı çatmayıbmı? Bəzi Rusiya KİV-ləri nə iki dövlət arasındakı münasibətlərə, nə imzalanan sənədlərə məhəl qoymadan Azərbaycana qarşı iyrənc kampaniya aparırsa, ağla gəlməyən təhdidlər yağdırırsa nəyi gözləyirik?
 
Əslində bu addım 44 günlük Vətən müharibəsi zamanı atılmalı idi. Hamının yaxşı xatirindədir ki, Azərbaycanın haqq savaşında Rusiyanın bəlli KİV-ləri əsl simalarını ortaya qoydular. Ermənilərin ruporuna çevrilməklə Azərbaycana qarşı heç bir çərçivəyə sığmayan informasiya terroru həyata keçirdilər. Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Rusiya mətbuatına, televiziyasına verdiyi müsahibələrində bu ölkənin KİV-lərindəki qərəzli mövqeyə açıq etirazını bildirdi. Həmin vaxt konkret başqa addımlar da atmaq olardı, məsələn Rusiya televiziyalarının yayımını dayandırmaq! Lakin Azərbaycan buna səbirlə yanaşıb, Rusiya KİV-lərinin bloklanmasını həyata keçirmədi...

Nə dəyişdi? Rusiyanın həmin KİV-ləri yenidən ortaya düşüb Azərbaycana qarşı təhdidləri davam etdirir. İş o yerə çatıb ki, Azərbaycanı nüvə zərbəsi ilə təhdid edirlər. Maraqlı mənzərə yaranıb: ancaq Rusiya və Ukraynanın müdafiə nazirliklərinin xəbərlərini yayan, bu xəbərlərə rəng qatmayan Azərbaycan saytlarını Rusiyanın  Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) ağına-bozuna baxmadan bloklayır. Biz isə ölkəmizə qarşı hətta nüvə təhididi ilə çıxış edən Rusiya KİV-lərinə qarşı heç bir tədbir görmürük. Axı niyə? Nə üçün Azərbaycan xalqı, vətəndaşı öz ölkəsinə qarşı əsassız olaraq təhdidlə çıxış edən hansısa xarici teleqram kanalını, televiziyanı izləməli, əsəb keçirtməlidir? 

Ortada Rusiyanın özünün yaratdığı nümunə var. Azərbaycanın populyar və peşəkar KİV-ləri heç bir məlumat, xəbərdarlıq edilmədən bloklanırsa, biz də Azərbaycana qarşı kin, yalan püskürən, təhdidlə çıxış edən Rusiya KİV-lərinə qarşı eyni addımı atmalıyıq. 

Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyaqinin “Rossiya-1” telekanalındakı “60 dəqiqə” (60 minut) proqramındakı çıxışı Azərbaycanın hərəkətə keçməsi üçün son damla olmalıdır. Olqa Skabeyeva və Yevgeni Popovun aparıcılıq etdiyi bu proqramda ilk dəfə deyil ki, Azərbaycan təhdid edilir. M.Delyaqin reallıq və siyasi əxlaq hisslərini tam itirərək Azərbaycana qarşı “Türkiyənin əlaltısı olan, “dövlət” adlandırdığımız Azərbaycan”- ifadəsini işlədib, ölkəmizin indi real təhlükə olduğunu deyirsə, Azərbaycanın neft kəmərlərini partlatmaq kimi terrora çağırış edirsə, bu, qırmızı xəttin keçilməsidir. Delyaqinin Azərbaycanı aşkar şəkildə hədələməsinə, ölkəmizin neft hasilatı və emalı sənayesini “vurmağı” təkliflərinə yer ayıran KİV-in Azərbaycanda yayımına nə ehtiyac var? 

Açıq-aydın görünür ki, rusiyalı məmurlar, jurnalistlər ağıllı, savadlı təhlillər apara bilmir, obyektiv mülahizə yürütməyi bacarmır,  efirdən təxribat xarakterli çağırışlar edirlər ki, bu məsuliyyətsiz çıxışlara veriləcək yalnız bir təsirli cavab var - onların Azərbaycanda yayımını dayandırmaq!!!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top