Xədicə İsmayıl yeni fikir deməyib, sadəcə, bilinən faktları etiraf edib

GÜNDƏM 27 yan 2022, 13:20

Jurnalist Xədicə İsmayıl  alman dilində nəşr edilən məşhur  "Zenith.me" saytına müsahibə verib. 1999-cu ildən nəşrə başlayan və əsasən  Yaxın Şərq dövlətləri,  müsəlman ölkələri,  Aralıq dənizi hövzəsi   üzrərində fokuslaşan  bu jurnal  qeyd edilən coğrafiyada  cərəyan edən proseslərin gizlinlərini açan nəşr kimi tanınıb.

Xədicə İmayılla müsahibə də bu kontekstdədir,  ilginc məqamlara yer verilib  (https://magazin.zenith.me/de/politik/interview-mit-aserbaidschanischer-menschenrechtsaktivistin-khadija- ismayilova?fbclid=IwAR3xhSGSHSXctgCNso0lCsn5SJRz1MxUL1mBnosMBM8vkkwanDH5ORpxEdE  ).

Müsahibə ilə tanış olanlar onu ən müxtəlif kontekstlərdən şərh edirlər. Kimisi Xədicə İsmayılın   Azərbaycan iqtidarı  barədə  müsbət qeydlərini qabardır, kimisi onun  Qərb institutlarına qarşı “üsyan etməsindən” yazır, kimisi də fərqli istiqamətlərə yozur.  Müxtəlif şərhlər sırasında ikisi daha qabarıq görünür ki, onları da  mühacir həmkarımız, tanınmış jurnalist Elbəyi Həsənli özünün  Facebook statusunda üzə çıxarır. O, Xədicə İsmayılın Azərbaycan iqtidarı  barədə  müsbət qeydini ümummilli maraqlar kontekstində dəyərləndirir və bunu bir növü  müxalifət düşərgəsinə nümunə olaraq göstərir: “Xədicə xanım deyir ki, mən Prezident İlham Əliyevi müdafiə etmirəm, ancaq Qarabağ məsələsində Prezident  sona qədər haqlıdır. Bu müharibə xalqın apardığı müharibədir. 600 min insan öz ölkəsində ermənilər tərəfindən qaçqına çevrilmişdi”  (https://m.facebook.com/story.php?story_fbid=2430772330387086&id=100003630275404 ). Yəni, ümummilli məsələlərdə iqtidar-müxalifət söhbəti olmamalı, hər kəs vahid mövqedən çıxış etməlidir. Müxalif düşərgənin sözçülərindən olan bir şəxsin bu istiqamətdə mesajlar verməsi təqdirəlayiqdir və haqlı olaraq diqqət çəkir...

Elbəyi Həsənli müsahibədə diqqət çəkən ikinci nüans kimi Xədicə İsmayılın  “Qərb institutları” adı altında fəaliyyət göstərən  bəzi mərkəzlərə, şəxslərə qarşı etirazına toxunur. “Xədicə xanım müsahibəsində  bildirir ki, Azərbaycanda fəaliyyətinə görə həbs olunub. Daha sonra isə əfv edilib. Ancaq həbsdən azad edilməsindən, Azərbaycanı tərk etməsinə  icazə veriləndən sonra, əvvəlkindən fərqli olaraq,  Qərb təşkilatları tərəfindən ona dəvətnamələr göndərilməyib. Araşdıranda məlum olub ki, onun ermənilərlə bağlı dedikləri Qərbdəki ermənipərəst dairələrin  xoşuna gəlməyib. Elə bu səbəbdən də ona göndərilən dəvətnamələrə son qoyulub”-deyən Həsənli Xədicə İsmayılın bu açıqlamasını onun “Qərbə üsyan etməsi” qədər cəsarətli addım sayır. Hərəkətini dəstəklədiyini, alqışladığını bildirir.

Müsahibənin geniş mətni ilə tanış olarkən görünür ki, Xədicə İsmayıl bu kontekstdə çox açıq ifadələr işlədib: "Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni indiyədək dəstəklədiklərinə görə peşman olacaqlar. Bunu əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim. Niyə mənə yalnız Azərbaycan hakimiyyətinin problemlərini qaldırmaq üçün icazə verilir, Ermənistanın yox?”-deyən jurnalist Qərb institutlarında ikili standartların mövcud olduğunu dilə gətirir. Əksər Qərb institutlarının erməni şəbəkəsinin təsiri altında olduğuna işarə verir.

Müsahibənin diqqət çəkməsi, sensassiyalı qarşılanması təbiidir. Xədicə İsmayılın  karyerası “Qərbin adamı” kimi formalaşıb. Aktiv fəaliyyətinin çox hissəsini Qərb instutlarında çalışmaqla keçirib. “Azadlıq radiosu”ndan başlamış, “Amerikanın səsi”nə qədər  ziddiyyətli görünən çoxsaylı  qurumlarda işləyib.  Çalışdığı bu qurumların mövqelərini istisnasız olaraq müdafiə edib. Yaxşı –yaman demədən, qərəzli-obyektiv olmasına fərq qoymadan, Azərbaycanın lehinə və ya əleyhinə olmasına əhəmiyyət vermədən, Qərbdən gələn bütün  kampaniyaları dəstəkləyib. OCCRP kimi qalmaqallı, Azərbayacana qarşı qarayaxma kampaniyasında rol alan  şəbəkənin üzvü olub. Belə imic sahibinin birdən-birə Qərb institutlarını qərəzdə, qeyri-obyektivlikdə ittiham etməsi qeyri-adi görünməyə bilməz.

Amma Xədicə İsmayılın müsahibəsini gündəmdə saxlayan, diqqət mərkəzinə çıxaran başqa səbəblər də var. Belə ki, Qarabağ münaqişəsi 30 il müddətində mövcud olub.  Bu münaqişədə güzəşt etməsi,  Qarabağın ermənilərə verilməsi ilə razılaşması üçün Azərbaycana qarşı  ən müxtəlif təzyiqlər göstərilib. Bu təzyiqlər həm də  qondarma  insan haqları problemləri, söz, ifadə, vicdan  azadlığı kontekstində reallaşdırılıb. Ermənistanın demokratik, Azərbaycanın isə qeyri-demokratik imicini formalaşdırmaq üçün cəhdlər edilib. “Qarabağ erməniləri qeyri-demokratik ölkədə yaşaya bilməz” tezisini əsaslandırmaq üçün hər istənilən maxinasiyalara əl atılıb. Xədicə xanımın "Zenith.me" saytına müsahibəsində 600 min nəfər dediyi, əslində isə  bir milyon nəfərə yaxın olan Azərbycanlı qaçqının, məcburi köçkünün hüquqları isə insan haqları kontekstində dəyərləndirilməyib. İnsan haqlarının müdfiəçiliyi üzərində fokuslaşmış əksər beynəlxalq təşkilatlar həmin bir milyon nəfərin haqlarını  görməzdən gəlib. Əksinə, “Freedom House”,  “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” qismində təşkilatların Azərbaycanın özünə qarşı qondarma kampaniyaları təşkil edilib. Məqsəd Azərbaycanı gözdən salmaq, başını özünə qatıb Qarabağı unutdurmaq olub.

“Freedom House”,  “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” və digər bu qism təşkilatların siyasətinə erməni diasporunun təsir etdiyini, Azərbaycana qarşı hesabatların  qərəzli, qondarma xarakterli olduğunu dəfələrlə demişik, isbat etmişik.  Xədicə İsmayılovanın əməkdaşlıq etiyi qurumlar isə onları müdafiə edib. 

Məsələ təkcə qeyri-hökumət təşkilatı statusunda olan beynəlxalq qurumlarda deyil. Dövlətlərarası təşkilatlar müstəvisində də bu yanaşma özünü göstərib. Məsələn, 2021-ci il  noyabrın 19-da Avropa Parlamentinin (AP) bir qrup üzvləri (33 nəfər) növbəti dəfə  Azərbaycan əleyhinə  bəyanata imza atdılar. Araşdırdıq, bəlli oldu ki, həmin 33 nəfər  Avropa Parlamentində təmsil olunan  “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Hətta erməni KİV-lərinin özləri  də bu barədə yazdılar (https://armenpress.am/arm/news/1068692.html?fbclid=IwAR3nwDuAbOzPrQ7sM_jVggk9rlkI3FnXNU6CsUQw1v6ek-NBpVky3LBYLCk ).  Araşdırmanı davam etdirəndə daha ciddi məqamlar ortaya çıxdı. Bəlli oldu ki, Avropa Parlamentində təmsil olunan  “Ermənistanla dostluq qrupu” Avropada fəaliyyət göstərən  “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” (EAFJD) tərəfindən kurasiya edilir  ( https://eafjd.be/33-meps-call-on-the-eu-to-urge-azerbaijan-to-withdraw-forces-from-the-republic-of-armenia/  ) .  EAFJD-nin prezidenti isə qanunsuz almaz qaçaqçılığı ilə məşğul olan, buna görə də sanksiyalara məruz qalan milyarder Kaspar Karampetyandır.

Kaspar Karampetyanın Avropa parlamentindəki 33 nəfər deputatla görüşdüyünü, onlara qiymətli hədiyyələr bağışladığnı sübut edən sənədləri də ortaya qoyduq ( https://az.trend.az/azerbaijan/society/3517605.html?fbclid=IwAR3CDHyC__Bj-BvOJjMqDE2oZZ2C6RFAb-t6Mdp00F_35OGzn1ivDURLe18   ). Sübut etdik ki, insan haları, ifadə azadlığı adı altında Azərbaycana qarşı kampaniya aparan Avropa institutlarının əksəriyyəti erməni şəbəkəsi tərəfindən yönləndirilir, bunu isbatlayan  yüzlərlə fakt mövcuddur. Bu əməkdaşlığın  rüşvət, qiymətli hədiyyələr üzərində qurulduğunu isbatlayan faktlar da “N” qədərdir.  Xədiçə İsmayılın üzv olduğu  OCCRP,  bir vaxtlar redaksiyasında çalışdığı  “Azadlıq radiosu” heç zaman bu mövzunun üzərinə getməyib, onları araşdırmağa təşəbbüs göstərməyib.  Amma bu faktlar, ən azı 20 ildir ki, gündəmdədir, mövcuddur, bilinəndir.

Bu baxımdan Xədicə İsmayıl  "Zenith.me" saytına müsahibəsində  yeni fikir deməyib, sadəcə, mövcud reallığı, uzun müddət ərzində  bildiyi faktların bir qismini  etiraf edib.

Niyə indi danışıb? Bu, artıq başqa bir mövzudur.(lent.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top