“Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin yerli media nümayəndələrinə verdiyi müsahibədə bir çox məsələlərə toxundu, bir sıra mesajlar verdi. Ölkədə görülən işlər, regionda mövcud vəziyyət, beynəlxalq münasibətlər sistemində Azərbaycanın həyata keçirdiyi tədbirlər, Azərbaycan-Ermənistan arasında olan münasibətlərdən və digər məsələlərdən söhbət açdı. Bununla da vacib mesajlar vermiş oldu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat vurğulayıb ki, vacib mesajlardan biri də Ermənistan tərəfindən zaman-zaman törədilən təxribatlarla bağlı idi:
“Bildiyimiz kimi, elə bu günlərdə Ermənistan tərəfi növbəti dəfə xaincəsinə təxribat törətdi və nəticədə bir hərbi qulluqçumuz Kəlbəcər istiqamətində şəhid oldu. Azərbaycan ordusu bu günə kimi Ermənistan tərəfindən törədilən bütün təxribatların qarşısını qətiyyətlə alıb, bundan sonra da alacaqdır. Ermənistan tərəfindən törədilən bu təxribat da birbaşa Ermənistanın siyasi hərbi rəhbərliyinin üzərinə düşür. Onlar belə təxribatlarla hər hansı bir məsələyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan ordusu güclüdür və cənab Prezidentin də qeyd etdiyi kimi, biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra da hərbi arsenalımızı daha da gücləndiririk, daha da möhkəmləndiririk. Yeni, müasir silahlarla hərbi ordumuzu təmin edirik və onların bütövlükdə şəraitini daha da yaxşılaşdırırıq”.
C.Osmanov diqqətə çatdırıb ki, Prezident bir daha mesaj verərək, qeyd etdi ki, Ermənistan və onun havadarları bilsinlər ki, onlar tərəfindən törədilən təxribatların qarşısı qətiyyətlə alınacaq və bizim qarşımızı heç bir qüvvə kəsə bilməz:
“Biz ermənilərin hər zaman xain təxribatlarının qarşısını qətiyyətlə alırıq, Ermənistan tərəfinə sarsıdıcı zərbələr vururuq. Nə vaxt məsləhətdirsə, onda da biz hərbi əməliyyatı saxlayırıq və bizim hərbi əməliyyatların qarşısını heç bir qüvvə kəsə bilməz. Çünki Azərbaycan ordusu güclü və qüvvətli ordudur. Cənab Prezident xüsusilə vurğuladı ki, məhz Ermənistan tərəfi hər zaman olduğu kimi, növbəti dəfə də Azərbaycan ordusunun Ermənistan tərəfinin təxribatının qarşısını alarkən apardığı hərbi əməliyyatların dayandırılması üçün çoxlu sayda yalvarışlar ediblər, xahişlər ediblər. Baxmayaraq ki, həmin ərazilər müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş rus sülhməramlı kontingentinin nəzarəti altında olmayan ərazilər olsa da, məhz Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan tərəfinə xahiş ediblər. Amma Azərbaycan tərəfi yalnız nə zaman dayandırılmasını məqsədə müvafiq sayıbsa, o zaman da dayandırıb. Müzəffər Ali Baş Komandamızın qeyd etdiyi kimi, onun əmri ilə hərbi əməliyyatlar axşam saat 21:30-da dayandırılmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə Azərbaycan ordusu daha da güclənib, daha da qüvvətlənib və heç bir qüvvə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təsir edə bilməz. Ermənistan tərəfindən yenidən hər hansı bir cəhd olarsa, onun qarşısı dərhal və qətiyyətlə alınacaqdır”.
Aynurə Pənahqızı Demokrat.az


