Gündəm

"Onlar Azərbaycan ərazisini mütləq şəkildə tərk etməlidirlər”

Onlar Azərbaycan ərazisini mütləq şəkildə tərk etməlidirlər”

“Rusiya Qarabağa özünün subyekti kimi yox, Azərbaycan ərazisi kimi yanaşmalıdır. Əgər yanaşmırsa, o zaman biz də konkret addımlarımızı atmalıyıq. Qazaxıstanda baş verən hadisələrdə də biz Rusiyanın mövqeyini gördük və bəyan elədik. Ona görə də 5 illin tamamında rus sülhməramlılarının Qarabağda qalmasına etiraz etməliyik və onlar Azərbaycan ərazisini mütləq şəkildə tərk edib, getməlidirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Şimal Donanmasının Mahnı və Rəqs Ansamblının Rusiya sülhməramlı kontingentinə Qarabağda Yeni il ilə bağlı konsert verməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdiyi ərazilərdə rus əsgərlərinə konsertin verilməsi elə ciddi problem yaratmır və bu bütün dünyada qəbul olunmuş bir məsələdir:

“Burada problem görmürəm. problem başqa məsələdədir. Problem ondadır ki, ora gələn və orada olan rus sülhməramlıları özlərini Azərbaycan ərazisindəki kimi hiss etmirlər və Azərbaycan qanunlarına tabe deyillər. Onlar öz fikirlərində, düşüncələrində, bəyanatlarında, həm də mediayaya açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsini işlədirlər. Demək ki, bunlara Rusiya tərəfindən deyilmir ki, məhz keçən ilin iyul ayının 7-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Dağlıq Qarabağ” məsələsi birdəfəlik arxivə verilib və orada Qarabağ iqtisadi zonası yaradılıb.

Yəni, “Dağlıq Qarabağ” adlı bir ərazi yoxdur və bu, Qarabağın da yerləşdiyi ərazilər Azərbaycanın ərazisidir. Onlar birdəfəlik Azərbaycan qanunlarına hörmət edərək Qarabağ iqtisadi zonası adlandırmalıdırlar. Onlar yenə də “Dağlıq Qarabağ” deyir və onlar “Dağlıq Qarabağ”ı ayrıca subyekt kimi görür. Bəlkə də Rusiyanın bir subyekti kimi görür və görməkdə davam edir. Bax, bu, bizim üçün alçaldıcıdır, təhqiredicidir. Açığı, məni çox narahat edir. O baxımdan hesab edirəm ki, biz orada yerləşən rus sülhməramlılarının öz açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsi işlətməsinə kəskin etirazımızı bildirməliyik”.

Deputat əlavə edib ki, bununla yanaşı bundan sonra orada keçirilən bütün tədbirlər Azərbaycan tərəfindən mütləq şəkildə razılaşdırılmalıdır: “Bunu tələb etməliyik ki, bu cür qeyri-standart hərəkətlər bir də yaşanmasın. Rusiya Qarabağa artıq Azərbaycan ərazisi kimi yanaşmalıdır. Bundan başqa, rus sülhməramlıları müddətin tamamında Azərbaycan ərazisini mütləq şəkildə tərk etməlidir və heç bir vaxt onların vaxtının uzadılmasndan söhbət gedə bilməz və getməməlidir. Bizim partiya kimi tələbimiz də budur!”.

Aynurə Pənahqızı

D
demokrat.az