Media

“Yeni qanun ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək”

“Yeni qanun ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək”

“Düşünürəm ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun 22 il öncə qəbul edilib, 79 dəfə dəyişiklik olunub. Təbii ki, yeni və müasir çağırışlara cavab verən yeni qanuna ehtiyac vardı. Çünki 22 il müddətində sosial platformalar, saytlar meydana gəlib. Məhz yeni qanun layihəsi bunları da əhatə edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat “Media haqqında” qanun layihəsindən gözləntilərin böyük olduğunu vurğulayıb:

“Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunub. Qanun lahiyəsi beynəlxalq təcrübədən çıxış edərək müəyyən müddəalar nəzərdə tutur ki, bu bütün dünyada belədir. Yeni qanunda hər hansı məhdudiyyət yoxdur, prinsip etibarilə hazırda qüvvədə olan “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna oxşardır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir”.

Millət vəkili diqqətə çatdırıb ki, qanun sosial şəbəkələrin və bloqqerlərin fəaliyyətini tənzimləmir: “Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq jurnalist fəaliyyəti də bu qanunun təsir dairəsinə daxil deyil. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır, bu könüllülük prisipiylə müəyyən edilir. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlətdən icazə tələb olunmur. Vahid jurnalist vəsiqəsini verilməsinə gəlincə isə qeyd edim ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək, bu da öz növbəsində media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, jurnalistlər öz fəaliyyətini davam etdirə biləcəklər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər”.

M.Cəfərov hesab edir ki, “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək: “Həmçinin, qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini də təmin edəcəkdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az