Bakının Səbail rayonunda 1983-cü il təvəllüdlü Ceyhun tanışı Elşənə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 1-də, gecə saat 23 radələrində baş verib. Ceyhun yaşadığı evdə Elşən ilə aralarında şəxsi münasibətlər mübahisə yaranıb.
Mübahisə zamanı Ceyhun Elşənə stəkan atıb və nəticədə Elşənə xəsarət alıb.
İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 1-də, gecə saatlarında Elşən adlı əvvəllər tanıdığı şəxs onun yaşadığı evə gəlib: “Elşən birgə tanışımız olan Anara 25 manat borc kimi pul verib. Elşən Anardan pulunu ala bilmədiyi üçün mənim yaşadığım evə gəldi. Elşən məndən 25 manatı istədi. Elşənə pulu məndən yox, Anardan almalı olduğunu izah etdim. Elşən Anarı mənim vasitəm ilə tanıdığını bildirdi. Anamın yanında Elşənə iradımı bildirdim. Qonşuların səs-küydən narahat olmamaları üçün Elşəni evindən qovdum, qapını bağladım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Elşəni hədələyib: “Elşənin məndən yenə də pulu istəsə də, onu qapıdan qovduqda polisə verəcəyimi dedim. Bu sözlərlə Elşəni hədələdim, əlimdəki saxsı stəkanı ataraq ona xəsarət yetirdim”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elşənin sözlərinə görə, iyulun 1-də işdən çıxıb və Bayıl qəsəbəsinə kirayə yaşamaq üçün ev axtarmaq məqsədilə gəlib: “Həmin gün günorta saatlarında 20-ci sahə dairəsi adlanan yerdə dayanan zaman tanışım Natiq adlı şəxsin xalası oğlu Anar adlı şəxsin idarə etdiyi avtomobili ilə mənim yanımda saxladı. Orada nə etdiyimi soruşdu. Mən də kirayə yaşamaq üçün ev axtardığımı bildirdim. Anar məndən idarə etdiyi avtomobilə əyləşməyimi xahiş etdi, birlikdə Bayıl dairəsinə gedərək qayıtmağı təklif etdi. Avtomobilə əyləşərək birlikdə Bayıl dairəsinin yaxınlığında yerləşən adını xatırlamadığım yanacaqdoldurma məntəqəsinə gəldik. Yolda olan zaman Anar məndən avotomobilə yanacaq doldurmaq üçün 25 manat pulu borc kimi istədi. Anara 25 manat verdim. Yanacaqdoldurma məntəqəsində olan zaman Anar avtomobilə yanacaq doldurduqdan sonra məndən avtomobildə əyləşməsini xahiş etdi, Ceyhunun yaşadığı evə gedərək qayıdacağını bildirdi. Təxminən 10-15 dəqiqədən sonra Anarın gəlmədiyini gördüm, avtomobildən düşərək özümə su almaq üçün oradan kənarlaşdım. Təxminən 10 dəqiqə sonra yanacaqdoldurma məntəqəsinə qayıdan zaman Anarın orada olmadığını gördüm”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Ceyhungilin harada qaldığını yanacaqdoldurma məntəqəsində olan tanımadığı bir nəfər qadından soruşub: “Ceyhungilin evinə gedərək qapını döydüm. Qapını Ceyhunun anası açdı. Ondan Ceyhunun harada olduğunu soruşdum və bir neçə dəqiqə əvvəl onlara bir nəfər şəxsin gəldiyini dedim. Ceyhunun anasının onun Səbail rayon Məhkəməsində olduğunu və onlara adamın gəlmədiyini dedi”.
Elşən qeyd edib ki, bundan sonra piyada Səbail rayon Məhkəməsinə gedib və Ceyhunu orada tapa bilməyib: “Ceyhungilə yenidən qayıtdım və Ceyhunun evdə olduğunu gördüm. Ceyhuna məhkəməyə onu tapmaq üçün getdiyimi, onlara təxminən 1 saat əvvəl bir nəfər şəxsin gəldiyini, həmin şəxsin məndən 25 manat borc aldığını bildirdim. Ceyhun da mənə elə bir adamı tanımadığını və onlara gəlmədiyini dedi. daha sonra Ceyhun anasının yanında məni nalayiq ifadələrlə söyüb-təhqir etməyə başladı və stolun üzərində olan stəkanı mənə tərəf atdı. Ceyhuna onu polisə şikayət edəcəyimi bildirdim. Ceyhun yenə də söyüş və təhqirlərə davam edərək məni qapıdan qovdu”.
Elşənin ifadəsinə görə, daha sonra Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə ərizə yazmaq üçün yaxınlaşıb: “Polis bölməsində ərizə yazdıqdan sonra polis əməkdaşları ilə birlikdə Ceyhunun yaşadığı ünvana gəldik. Orada olan zaman Ceyhunla birlikdə hadisəni polis əməkdaşlarına danışdıq. Ceyhunun anası polis əməkdaşlarının yanında oğlundan şikayət etməməyimi bildirdi və mənə 25 manat verdi”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti olmadığını bildirib.
Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb. Hakim Ülviyyə Şükürova sonda hökm çxaran zaman zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışmasını nəzərə alıb.
Bu səbəbdən Ceyhunun barəsində olan cinayət təqibinə xitam verilib və o məhkəmə məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


