Gündəm

“NATO-nun Rusiya sərhədlərində aktiv fəaliyyətini müşahidə edə bilərik”

“NATO-nun Rusiya sərhədlərində aktiv fəaliyyətini müşahidə edə bilərik”

“Co Bayden Administrasiyasının xarici siyasətdə əsas hədəfi Trampın dövründə zəifləyən müttəfiqlik münasibətlərini yenidən bərpa etmək və ABŞ-ın rəhbərlik etdiyi cəbhəni formalaşdırmaqdır. Bunun üçün klassik üslubdan istifadə edir, xarici təhlükə gücləndirilir və xarici təhlükəyə qarşı daxili problemlər kənara qoyularaq birlik əldə olunur. Məhz Rusiya ilə də qarşıdurma Vaşinqtona buna görə lazımdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik qeyd edib ki, Moskvanın da bu qarşıdurmada öz maraqları var, xüsusilə də daxili problemlərin arxa plana keçməsi baxımından:

“Ukrayna ətrafında gərginliyin artması bu strategiyanın tərkib hissəsidir. Trampın dövründə ABŞ-Avropa münasibətlərində ciddi çatlar yarandı və Avropa ölkələri, xüsusilə Almaniya və Fransa Rusiya ilə münasibətlərini bir qədər də inkişaf etdirdi. Bayden Ukrayna böhranı ilə bu xətti qırmaq, Avropada köhnə müttəfiqlərini öz çətiri altına toplamaq istəyir. Putinlə Cenevrə görüşündən öncə Baydenin Avropa turnesinə çıxması, ikinci görüşdən öncə və sonra da Avropalı müttəfiqləri ilə müzakirələr aparması da bunu göstərir. Belə görünür ki, ABŞ-Rusiya qarşıdurması güclənəcək. Bu o demək deyil ki, Ukraynada böyük müharibə olacaq, yaxud ABŞ Kiyevə münaqişəni həll etməyə kömək edəcək. Burada hər iki tərəfin öz oyunu var və sanki hər iki tərəf – Putin və Bayden bir-birinin əliylə oynayır”.

Asif Nərimanlının sözlərinə görə, “Buxarest doqquzluğu” ilə müzakirələr də bu prosesin tərkib hissəsidir: “Bayden öz cəbhəsini yoxlayır və yenidən formalaşdırır. Qarşıdakı dövrdə NATO-nun Rusiya sərhədlərində aktiv fəaliyyətlərini müşahidə edə bilərik, o cümlədən Moskva Qərb cəbhəsində hərbi qüvvələrini artıra bilər. Miqyası bir qədər kiçik olsa da, faktiki “soyuq müharibə” oyunu fərqli formada davam etdirilir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az