44 günlük Vətən müharibəsindəəldə etdiyimiz Qələbə ölkəmizdə bütün sahələrdə yeni imkanlar yaratdı. Yaranmış yeni reallıqlar dövlətimizin inkişafı, beynəlxalq nüfuzunun yüksəlməsi, Azərbaycana olan müsbət maraqların artması üçün əsas amilə çevrildi. Dövlətimizin iqtisadi gücünün və hərbi qüdrətinin sübutu olan Qələbəmiz 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsini və tarixi ədalətin bərpa olunmasını təmin etməklə yanaşı, dövlətinprioritet sahələrdə yeni layihələr üzərində işləməsinə də şərait yaratdı.
Hazırda ölkədə medianın inkişafına xidmət edən önəmli təşəbbüslər dediklərimizi bir daha sübut edir. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.
Bu gün Azərbaycanda media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.
“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir.
Ən vacib məqamlardan biri budur ki,Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil.İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyaları öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.
“Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.
Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur. Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Media Reyestrinə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər. Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsas olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.
Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.
Tarixən cəmiyyətin inkişafında mühüm rol oynamış milli mətbuatımız müasir fikir və düşüncələrimizin düzgün istiqamətlənməsində vacib amildir.Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və ölkədə senzuranın ləğv edilməsi ilə inkişafa başlayan müasir mətbuatımız hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründəAzərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin və beynəlxalq aləminməlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinəçatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
“Media haqqında” qanunun qəbulu sözsüz ki, regionlarda da mətbuatın, ənənəvi çap və onlayn medianın inkişafına öz töhfəsini verəcəkdir. Yeni qanunun qəbuluregionlarda çap mediasına və onlayn mediaya olan marağı artıra bu sahədə mövcud olan durğunluğu aradan qaldıra bilər. Hazırda Füzuli rayonunda fəaliyyət Qayıdış qəzeti və bir neçə onlayn media orqanları fəaliyyət göstərir ki, onlar da“Media haqqında” yeni qanunun qəbul olunmasını günün tələbi hesab edirlər. Hesab edirik ki, yeni qanunun qəbulu rayonumuzda da ənənəvi çap və onlayn medianın inkişafına təkan verə bilər. Bütün respublikamızda olduğu kimi rayonumuzda yazılı və onlayn mətbuat orqanları sahəsində fəaliyyət göstərən şəxslər yeni qanunun qəbulunun bu sahədə mövcud olan durğunluğu aradan qaldıracağına, oxucu auditoriyasının genişlənəcəyinə, nəticə etibarı ilə mövcud həqiqətlərin daha operativ və çevik şəkildə oxuculara çatdırılacağına ümid edirlər.
Bayram Niftəliyev Qayıdış qəzetinin Baş redaktoru Demokrat.az


